Mətbuat icmalı: "Avropa bütün siyasi məhbusları azad etməyə çağırır"
"Azadlıq": Avropa bütün siyasi məhbusları azad etməyə çağırır

Şəklin mənbəyi, Getty
Qəzet Azadlıq Radiosuna istinadən yazır ki, Avropa İttifaqının vəzifəli rəsmiləri Xədicə İsmayılova, İlqar Məmmədov və İntiqam Əliyev də daxil əfvə düşməyən şəxslərin azad edilməsinə çağırıblar
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Michael Georg Link Azərbaycanda insan haqları müdafiəçilərinin və jurnalistlərin həbsxanadan azad edilməsini salamlayıb, lakin “siyasi motivlərlə məhbus edildikləri düşünülən qalan şəxslərin” də azad olunmasına çağırıb.
"Cənab Link prezident İlham Əliyevdən “İntiqam Əliyev, Xədicə İsmayılova və İlqar Məmmədov da daxil hazırda həbsxana cəzası çəkən və ya barələrində məhdudlaşdırıcı qərarlar verilmiş şəxslərin işlərinə yenidən baxılmasını” istəyib.
İnsan haqları təşkilatları Azərbaycanda siyasi səbəblərlə həbs edilimiş 80-dək məhbusun hələ də həbsxanalarda olduğunu bildirirlər."
Avropa Parlamentinin vise-prezidenti Alexander Graf Lambsdorff isə deyib ki,“müxalifət sityasətçilərinin azad edilməsini Azərbaycan hökumətinin ifadə və sərbəst toplaşma kimi təməl insan haqlarına ehtiram edilməsində və Avropa İttifaqı ilə münasibətlərin bərpasında maraqlı olduğunun işarəsidir”, lakin qalan məhbuslar da azad olunmalıdır.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt bildirib ki, o hələ də həbsxanalarda qalan şəxslərin azad edilməsi istiqamətində Azərbaycan hakimiyyəti ilə işini davam etdirəcək.

"Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia AFP agentliyinə bildirib ki, hələlik çox sayda məhbus həbsxanalarda qalır və Azərbaycan hakimiyyəti Xədicə İsmayılova, İlqar Məmmədov və İntiqam Əliyev də daxil bu şəxslərin hamısını azad etməlidir."
"Azadlıq": Naxçıvanın milli təhlükəsizlik naziri həbs olunub
Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbs olunub. Martın 7-də barəsində həbs-qətimkan tədbiri seçilmiş keçmiş nazirin hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanıldığı qeyd edilir. "İstintaqı isə Naxçıvan MR prokurorluğu aparır. Keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürüldüyünü deyən mənbə onu da qeyd edir ki, Vəli Ələsgərova qarşı xüsusi qəddar münasibət nümayiş etdirilir. “Onun üzərindəki işgəncə izləri uzun müddət getməyib. Onun həbsindən dərhal sonra 50-yə qədər qohumu işdən çıxarılıb.
Hətta avtobus sürücüsü işləyən bibisi oğlunu da işdən uzaqlaşdırıblar. Hətta prezidentin ona verdiyi Bakıdakı evi də əlindən alıblar”, – deyə mənbə bildirib. Məlumata görə, Vəli Ələsgərov vəkilsiz saxlanılır. Keçmiş nazirin həbsinin əsl səbəbinə gəlincə, mənbə bildirir ki, müvafiq dairələrə onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqədə olması barədə məlumatlar ötürülüb."
"Azərbaycan": Orduda "Açıq qapı günü"
Qəzet Gəncədə, Kürdəmirdə və Qusardakı hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəndələri üçün keçirilmiş "açıq qapı" günlərindən qısa reportajlar dərc edib. Xəbərlərdə qeyd olunur ki, əsgərlər bayramı öz valideynləri ilə birlikdə keçiriblər.

Şəklin mənbəyi, Azertag
"“Açıq qapı” gününün iştirakçıları xüsusi avtobusla hərbi hava qüvvələrinin təlim-məşq meydançasına aparılıb, əsgər və zabitlərimizin peşəkarlıqla yerinə yetirdikləri döyüş tapşırıqları ilə ətraflı tanış olublar.
...Sonra qonaqlar əsgər süfrəsində birgə nahar ediblər. "
Daha bir xəbərdə qeyd olunur ki, Müdafiə naziri “açıq qapı” günündə Qusar rayonunda olub.
"Açıq qapı" günündə hərbi hissələrə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olduqdan, xidməti və inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkdikdən sonra, Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşlərdə onları maraqlandıran məsələləri müzakirə ediblər. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir çox məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
Sonda xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib."
"Azərbaycan": Dövlət Gömrük Komitəsi: “Sınıq körpü” gömrük postunda yaranan sıxlıq aradan qaldırılıb
"Martın 20-də bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən “Sınıq körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtaca-a bildirilib ki, bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayındakı kəskin artım martın 20-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda qısamüddətli nisbi sıxlığın yaranmasına səbəb olub. Gömrük orqanlarının dərhal həyata keçirdiyi tədbirlər nəticəsində cüzi sıxlıq aradan qaldırılıb.
Hazırda gömrük keçid məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, maneəsiz keçidi tam təmin olunub və hər hansı sıxlıq müşahidə olunmur."
"Yeni Müsavat": Əli Həsənov: " Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın "
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olarkən bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox böyük nümunəvi bir addım idi.
“Əli Həsənov həmçinin Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiyanın münasibətlərindən danışıb: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövləğt ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə münasibətlərini qursun”.
Söhbət zamanı Azərbaycan - İran münasbitlərinə, həmçinin Azərbaycanın daxilində gedən proseslərə də toxunulub."




