Mətbuat icmalı: Əfv komissiyasının yeni qərar layihəsi prezidentə təqdim edilib

Şəklin mənbəyi, Getty

"Azərbaycan": Azərbaycanın ən böyük ticarət tərəfdaşları hansı ölkələrdir

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan 165 ölkə ilə ticarət əlaqələri saxlayıb. 111 ölkəyə məhsul ixrac olunub və 147 ölkədən mal idxal edilib. Bəs ölkəmizin ən böyük ticarət partnyorları hansı ölkələrdir?

İdxalın həcminə görə ilk 5 yerdə olan ölkələr Rusiya, Türkiyə, ABŞ, Almaniya və İtaliyadır. Məsələn, keçən ilin yekunlarına görə Azərbaycanın xaricdən gətirdiyi məhsulların yarıdan çoxu - 51,4 faizi bu ölkələrdən alınıb. Sonrakı 5 ölkə Yaponiya, Birləşmiş Krallıq, Çin, Ukrayna, Fransadır.

İxracın strukturunda isə öndə olan 5 ölkə İtaliya, Almaniya, Fransa, İsrail, Çexiyadır. Xaricə göndərdiyimiz məhsulların, demək olar ki, yarısı (49,8 faiz) bu ölkələrin payına düşür. Sonrakı 5 yer isə İndoneziya, Rusiya, Avstriya, Portuqaliya və Gürcüstana məxsusdur."

"Yeni Müsavat": Mərkəzi Bankın "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir

"Report"un analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik etməsi ilə izah oluna bilər. Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN/USD olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 mln. dollar çıxarıldığı da müşahidə olunub."

Fevralın 24-də "Brent" markalı neftin bir barrelinin qiyməti 33, martın 9-u isə 40 dollar olub. "Məhz fevralın 24-dən etibarən AMB-nin məzənnə siyasətini dəyişdirməsindən sonra daxili bazarda dollara tələbat artıb və bəzi günlərdə hərraca təklif olunan məbləği bir neçə dəfə üstələyib. Hazırda AMB yeni valyuta siyasətini davam etdirir və bu gün də hərraca Dövlət Neft Fondu AMB vasitəsilə 50 mln. dollar çıxarıb. Bugünkü hərracda tələbat təklifdən bir neçə dəfə artıq olub və nəticədə, növbəti gün üçün rəsmi məzənnənin 1,6309 AZN/USD olacağı gözlənilir (bu gün 1,6228 AZN/USD-dir).

Şəklin mənbəyi, cbar.az

Manatın məzənnəsinin möhkəmlənməsi dövründə istədiyi effektə nail ola bilməyən AMB valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb: "Aydın olub ki, "üzən məzənnə" rejimi Azərbaycan reallıqlarına uyğun deyil. Çünki, insanlar gələcəkdə manatın məzənnəsinin proqnozlaşdıra bilmədiklərindən xarici valyutada vəsaitlərini qorumağa çalışır. Bu da real iqtisadiyyatın inkişafına mane olur. Manata inamın geri dönməsinin yeganə yolu isə AZN/USD məzənnəsinin sabitləşdirilməsidir. Bu zaman xarici valyutada yığımların manata geri dönəcəyi və banklara yatırılacağı şübhəsizdir. Nəticədə, banklar da manatla kreditləşməni bərpa edə bilər ki, bu da öz növbəsində iqtisadi artımı sürətləndirər".

Analitik qrup dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür."

"Yeni Müsavat": Əfv komissiyasının yeni qərar layihəsi prezidentə təqdim edilib

"Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

APA-nın məlumata görə, komissiyaya indiyədək daxil olmuş 400 müraciətə baxılması başa çatdırılıb. Bu gün sonuncu 140 müraciətə baxılıb. Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq ölkə başçısına təqdim olunub..."

"Azadlıq": Vətəndaş Prezident Administrasiyasının yanında özünü yandıraraq intihar edib

"Martın 9-da Bakıda daha bir intihar hadisəsi baş verib. Səhər saat 6 radələrində Prezident Administrasiyasının yaxınlığında, Filarmoniya bağında 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakılar dərhal müdaxilə edib və kişini alovdan qurtararaq, xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Xəsarətləri ağır olduğundan o, xəstəxanada vəfat edib.

Rəsmi məlimata görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb." Bildirilir ki, intihar edən şəxsin kimliyini və intiharın səbəbini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

"Azadlıq": Hökumətin aldığı kreditlər 10 milyardı ötüb

Turan agentliyi bildirir ki, hökumətin dövlət zəmanəti ilə aldığı kreditlərin məbləği 10 milyard dolları ötüb. Qeyd edilir ki, təkcə 2015-ci ildə dövlət zəmanəti ilə beynəlxalq və kommersiya təşkilatlarından alınan kreditlərin məbləği 741 milyon dollardan çox olub.

"Çexiyanın Societe Generale qrupundan 458, Yaponiyanın Sumitomo Mitsui Banking Corporation korporasiyasından 132, SocieteGenerale ofisindənsə 85 milyon avro ekvivalentinə bərabər kredit götürülüb.

2014-cü illə müqayisədə götürülən kreditlərin məbləği azalıb.

Azərbaycan hökuməti son 11 il ərzində 10 milyard 327 milyon dollar ekvivalentinə bərabər kredit alıb. Həmin kreditlərin 7 milyarddan çoxu istifadə edilib. Ötən həftə isə Macarıstan “Eximbank”nın Azərbaycandakı iş adamlarına 200 milyon dollar kredit verdiyi açıqlanmışdı."