Mətbuat icmalı: "Dollara tələbat təklifi 6 dəfə üstələyib"
"Azadlıq": Bəs dövlət aparatında ixtisarlar olmayacaqmı?

Şəklin mənbəyi, Getty
"Maliyyə böhranı ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salsa da, hökumətin bu istiqamətdə addımları nəzərə çarpmır. Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Amma biz nə görürük? Bir-birini təkrarlayan dövlət strukturları yenə də qalmaqdadır. Halbuki hələ birinci devalvasiyadan sonra müstəqil ekspertlər vurğulayırdılar ki, bu istiqamətdə ciddi islahata ehtiyac var.
Lakin böhran yalnız özəl sektorda ixtisarlara səbəb oldu. Xırda və orta şirkətlər işçilərini ixtisar edərək fəaliyyətlərini qoruyub, saxlamağa çalışdılar. Bu arada isə hökumət islahatlar adı altında təqdim etdiyi addımlar tam əksinə dövlət strukturlarının yükünün artırılmasına səbəb oldu.
Məsələn, Nəqliyyat Nazirliyinin səlahiyyətləri əlindən alınsa da, yerlərdə yaradılan əlavə strukturlar əlavə xərc deməkdir. Bundan başqa bir çox dövlət idarələrində daxili istintaq şöbəsi fəaliyyət göstərir ki, bu qurumun da ləğvi dövlət aparatını əlavə yükdən götürə bilər.
Belə olan halda hökumət niyə dövlət aparatının əlavə yüklərdən götürülməsi istiqamətində addım atmır?"
İqtisadçı Məhəmməd Talıblı deyir ki, yüz milyonlarla manat qənaət edilməsi nəzərdə tutulmalıdır. "O təşkilatlara ki, yenidən vəsaitin ayrılmasında problemlər var, yenidən vəsaitin ayrılması düzgün deyil. Əslində, biz proqram təyinatlı büdcə sisteminə keçməklə belə büdcə vəsaitlərinə qənaət etmək olar. Yəni, hansı sahəyə ki, dövlət büdcəsindən nə qədər vəsait ayrılırsa, həmin sahənin büdcə qarşısında dəyər yaratmaq imkanları da adekvat səviyyədə olmalıdır.”
Azadlıq": Dollara tələbat təklifi 6 dəfə üstələyib
"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (MB) vasitəsi ilə martın 7-də keçirilən hərracda satışa 50 mln dollar həcmində valyuta çıxarıb.
“Report”un bank dairələrindəki mənbələrə istinadən yaydığı xəbərdə qeyd edilir ki, hərracda kommersiya banklarının dollara olan faktiki tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminən 300 mln dollar olub.

Şəklin mənbəyi, UNIAN
"Ötən həftənin cümə günü ARDNF hərracda satışa 100 mln dollar həcmində valyuta çıxarmışdı. Kommersiya banklarının tələbatı isə bundan təxminən 3 dəfə artıq, yəni 290 mln dollar olmuşdu.
Ancaq ötən həftə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, bankların bütün dollar tələbatı ödənilir.
Artıq açıq şəkildə görünür ki, hər ötən gün dollara olan tələbat artır. MB isə bu artan tələbatı qarşılamaqda acizdir. Əgər dekabrın 21-dən sonra keçirilən hərraclarda satışa çıxarılan 200 milyon dolların cəmi 10-20 faizinin alındığı bəyan edilirdisə, artıq mənzərə tam başqa cürdür. Bundan başqa, bir məqamı da qeyd etmək yerinə düşər.
Martda Azərbaycanda bayramlarla əlaqədar olaraq edilən bazarlıq bir neçə ayın bazarlığının həcminə bərabər olur. Bu isə tələbatı artıran faktordur.
Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Novruz Bayramı ilə əlaqədar olaraq 8 gün qeyri-iş günü elan olunur. Əgər dollara olan təlabat hazırkı səviyyədə qalarsa, bu, 8 gün üçün 2 milyard 400 milyon dollar tələbat anlamına gəlir."
"Azərbaycan": Prezident İlham Əliyev Rusiyanın “Qazprom” şirkəti idarə heyətinin sədrini qəbul edib
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.
“Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edildi."
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
"Xalq qəzeti": Qətərin Əmiri Azərbaycana rəsmi səfərə gəlib
Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Əmir Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar."




