Xədicə İsmayılova "dostlarının azadlığa çıxmasına sevinir"

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL

Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova barəsində çıxardığı qərarından kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq gün təyin edilməyib, vəkil bildirir.

Vəkil Yalçın İmanovun sözlərinə görə, kassasiya şikayəti yanvar ayının 19-da verilib. Bazar ertəsi isə vəkillər kasassiya şikayətinə əlavələr veriblər.

"Biz şikayətdə cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməsi tələbini qoymuşuq. Hər bir ittihama dəlillərlə münasibətimizi bildirmişik. Məhkəmə hakimiyyəti müstəqil olsa, Xədicə İsmayılova azadlığa buraxılacaq", cənab İmanov məhkəmə iclasından gözləntiləri barədə deyib.

Jurnalistlə ötən həftənin şənbə günü görüşən vəkil bildirir ki, Xədicə İsmayılova özünü yaxşı hiss edir və çox optimistdir.

"Dostlarının həbsdən çıxmasına sevinir", cənab İmanov əlavə edir.

Vəkil Yalçın İmanov
Şəklin alt yazısı, Vəkil Yalçın İmanov

Vəkil deyir ki, prezidentin əfv fərmanı ilə 14 siyasi məhbus hesab edilən şəxsin həbsdən azad edilməsi, jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılmasına baxmayaraq, Xədicə ismayılova ona "hər hansı bir gözlənti içində deyiləm" deyib.

"O, azadlığa çıxsa nə gözəl olardı. Bizim gözləntimiz də bunun tez bir zamanda olmasıdır", Yalçın İmanov bildirib.

Vəkil qeyd edir ki, Xədicə İsmayılova günahsızdır, ona qarşı ittihamların heç birinin hüquqi əsası yoxdur.

"O hər hansı cinayət əməlinə yol verməyib, jurnalist yazılarına görə həbsdədir", o əlavə edir.

Vəkilin sözlərinə görə, bu yaxınlarda<link type="page"><caption> tərcümə etdiyi əsər</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/02/160229_khadija_book" platform="highweb"/></link> nəşr olunduqdan sonra, jurnalist hazırda tərcümə işi ilə məşğul deyil, o, mütaliə edir.

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.

O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist haqqında <link type="page"><caption> 7 il 6 aylıq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150901_khadija_verdict" platform="highweb"/></link> azadlıqdan məhrumetmə qərarı çıxarılıb. O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma ittihamına görə bəraət qazanıb.

Jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər. Azərbaycan hökuməti bu iddiaları rədd edir.