Xədicə İsmayılovanın həbsxanadan etdiyi tərcümə nəşr edilib

Xədicə İsmayılova

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsxanada Azərbaycan dilinə tərcümə etdiyi yazıçı Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanı işıq üzü görüb.

Jurnalistin vəkili Fariz Namazlı BBC Azərbaycancaya bildirib ki, Xədicə İsmayılova kitabı hələ Kürdəxanıda olarkən tərcümə edib.

"Həmin vaxt həbsxana rəhbəri tərcümənin redaktə olunmasına və həbsxanadan çıxmasına imkan verib. Yəni bu tərcümə hələ Xədicə xanımın 4 saylı qadın kolonuna köçməsindən əvvəl olub", vəkil bildirib.

Vəkilin sözlərinə görə, hazırda jurnalist tərcümə üçün başqa maraqlı kitab axtarır, lakin bunun 4 saylı qadın kolonunda mümkün olacağı məlum deyil.

Vəkilin bildirdiyinə görə, romanın müəllifi Səhər Delicani Xədicə İsmayılova haqqında hələ onun qeydlərinin Washington Post qəzetində dərc edildiyi vaxt xəbər tutub və müəllif jurnalistin tərcümə etdiyi kitaba ön sözü də yazıb.

Səhər Delicani kimdir?

Özü 1983-cü ildə İranda siyasi mübarizəyə qoşulmuş anasının həbsdə olduğu zaman həbsxanada doğulmuş Səhər Delicani, jurnalisti tezliklə azadlıqda görmək istədiyini bildirib.

Sahar Delijani

Şəklin mənbəyi, EITAN ABRAMOVICH AFP Getty Images

Şəklin alt yazısı, Səhər Delicaninin romanı 75-dən çox ölkədə nəşr olunub

Fariz Namazlı bioldirib ki, kitabı Xədicənin görməsi üçün həbsxanaya aparsalar da, həbsxana rəhbəri kitabı özü götürüb və həbsxanaya buraxılmasına icazə verməyib.

"Xədicə xanımın özü hələ kitabı görməyib. Yazılmış ön sözə görə kitabın müəssisə daxilinə buraxılmasına icazə veriməyib", vəkil əlavə edib.

Səhər Delicaninin romanı Azərbaycan dilinə tərcümə olunmazdan əvvəl 28 dilə çevrilib və 75-dən çox ölkədə nəşr olunub.

Xədicə İsmayılova bundan əvvəl də bir çox əsəri Azərbaycan dilinə çevirib. O, məşhur yazıçı Xalid Hüseyninin kitablarının tərcüməçisidir.