Rəşad Şirinin bloqu: Bu dövləti kim qurub?

Şəklin mənbəyi, Getty
- Müəllif, Rəşad Şirin
- Vəzifə, Siyasi təhlilçi, Bakı
Azərbaycanda iki qrup insan var. Biri iddia edir ki, Azərbaycan dövlətinin əsasını Rəsulzadə və Elçibəy qoyub. İkincisi isə deyir ki, bu dövləti Heydər Əliyev qurub.
Hər iki qrup dediyinə inanır və ara-sıra mübahisələr edirlər.
Təbii ki bu, siyasiləşmiş ritorikadır və bu iki qrup mənsub olduqları siyasi qüvvələrin və xəttlərin mövqeyini ifadə edir, nəinki balanslı, elmi yanaşmanı.
Bu yazıda bu məsələyə daha dərindən baxmağa çalışacam.
Bürokratiya və elita
Fikrimcə, bu yanaşmalardakı metodoloji səhv ondan ibarətdir ki, bunlar dövlətin bir nəfər tərəfindən qurulduğunu iddia edirlər.
Mənə görə bu əsla mümkün deyil. Hətta mütəşəkkil bir qrupun mövcudluğu və istəyi də kifayət etmir buna.
Mən düşünürəm ki, lazım olan siyasi struktur və təsisatlar olmadan ayrı-ayrı insanlar durduqları yerdə dövlət kimi mürəkkəb bir təşkilatı qura bilməzlər.
Müasir Azərbaycan dövlətinin qurulmasında əsas həlledici rol İkinci Dünya müharibəsindən sonrakı illərdə (daha çox 1960-70-ci illər ərzində) Azərbaycanda formalaşmış yerli bürokratiyaya, mədəni və intellektual elitaya və fərqli maraq qruplarına aiddir.
Heydər Əliyevin bu prosesdə rolu ən vacib rollardan biridir, çünki o, adıçəkilən dövrdə Azərbaycanda öz iqtidar və maraq şəbəkəsini qurmağa başlamışdı. Amma dövləti Heydər Əliyev qurdu demək, sadələşdirilmiş yanaşmadır.
Gəlin biraz da yaxından baxaq. Siyasi təhlillərdə nəzərdən qaçan çox maraqlı bir ünsür var və çoxları düşünür ki, bu ünsürü unutmaq olar. Bu ünsür bürokratiyadır, yəni vəzifəlilərin iqtidarı.
Sovet dövründə bütün respublikalarda ciddi “vəzifə” kultu formalaşır. Vəzifə çox şey demək idi Sovet sistemində. Əgər ciddi səhvlərin və risk yarada biləcək çox yüksək iddiaların yoxdursa, ömrünün sonuna qədər vəzifələrdə çalışa bilərdin.
Vəzifəlilər bir-birini tanıyır, anlayır, bir yerdə işləyirdilər. Bir növ həmrəylik yaranırdı, yaxşı kimdi, pis kimdi bəlli olurdu.
Açıq siyasi fəaliyyət və rəqabət imkanları olmadığı üçün, bürokratik fəaliyyət elə siyasətin tamamını əhatə edirdi. Bürokratiya həm qeyri-siyasi, həm də ən siyasi şəbəkə idi.
Təbii ki, əgər belə bir güc şəbəkəsi varsa, onun liderləri də formalaşmağa başlayır.
Azərbaycan da daxil olmaqla, bütün Sovet respublikalarında 70-ci illərdə artıq yerli bürokratik iqtidarlar, milli güc elitaları formalaşır.
Burada çox vacib ikinci ünsür də ortaya çıxır - yerli mədəni və intellektual elita. Onlar bürokratiya ilə vəhdət və həmrəylik təşkil edərək, milli şəbəkənin güclənməsinə gətirib çıxardırlar sonradan.
Çox vacib bir məqam odur ki, mədəni və intellektual elitanın heç də bütün təmsilçiləri konformist deyildi və bir qismi Sovet rejiminə qarşı açıq vəya gizli yollarla ideoloji mübarizə aparırdı.
Maraqlısı odur ki, hərdən, mümkün olan məqamlarda bu iki tərəf (bürokratiya və intellektuallar) bir-birinə dəstək verirdi.
Əliyev-Elçibəy münasibətləri
Burada Əbülfəz Elçibəy ilə Heydər Əliyevin münasibətləri çox önəmlidir. Deyilənlərə görə, Heydər Əliyev Elçibəyin cəzasının yumşaldılması üçün iş görmüs, Elçibəy isə sonradan açıq şəkildə söyləyirdi ki, Sovet dövründə Heydər Əliyevə güclü rəğbəti olubmuş.
Burada təbii müxtəlif izlər, ssenarilər, xüsusi xidmət orqanlarına işləmək təcrübəsi və s. axtaranlar və tapanlar var. Bunlar istisna deyil təbii ki.
Amma bir məsələ var ki, həm intellektualların, həm də bürokratların bir-birinə ehtiyacı var idi. Bürokratik elita ziyalılar vasitəsilə xalqdan daha çox siyasi rəğbət qazanmaq istəyirdi, ziyalılar isə qəddar dövlət maşınından qorunmaq üçün iqtidara daha yaxın olmaq.
Əliyev-Elçibəy münasibəti əslində bunun gözəl nümunəsidir.
Qorbaçovun hakimiyyətə gəlməsi bu proseslərə ciddi zərbə vurdu. Qorbaçov düşünürdü ki, respublikalardakı iqtidar qruplaşmaları artıq çox güclənib və bunun qarşısını almaq lazımdı.
Heydər Əliyevin uzaqlaşdırılmasına səbəb həm də bu idi.
Perestroyka illəri ərzində yerli güc qrupları və bürokratlar zəiflədilsə də, şəbəkə yerində idi. Tarixi imkan yetişdi və bu qruplar H. Əliyevi hakimiyyətə gətirdi.
1993-cü il hadisələri
Bu məqam çox vacibdi, bu bürokratik aparat və elita mövcud olmasaydı və gücündən lazımınca istifadə edə bilməsəydi, 1993 hadisələri də mümkün olmazdı.
Yəni Sovet dövründə formalaşmış bürokratiya və güc şəbəkəsi formalaşaraq, mobilizasiya olaraq sanki öz dövlət şəklini almağa başladı 1993-dən sonra.
Burada həlledici məqamlardan biri də hakimiyyətə gəlmiş yeni Azərbaycan Xalq Cəbhəsi elitasının dövləti konseptual və praktiki şəkildə tam anlamaması, ona bələd olmaması, onu işlədə bilməməsi idi.
Bürokratiya güclü olsa da, riski və ani hərəkətləri sevmir. O, sanki böyük bir balinadır. Bəzi fundamental tarixi məqamlar yetişəndə və dəyişiklik tələb olunanda bu balina susur və müşahidə edir.
1988-də Xalq Cəbhəsi meydana çıxanda və müstəqillik istəyəndə güc mərkəzləri susurdu. Sanki gözləyirdilər ki, bunun axırı nə olacaq. Müstəqillik əldə olunandan sonra bürokratlar biraz rahatladılar, amma yenə də narahat idilər ki, güc onların əlindən sürüşüb çıxır.
1993-də hər şey dəyişdi və bürokratlar yenidən iqtidarı geri qaytardı.
Beləliklə, müstəqilliyi dissidentlər, demokratlar, cəbhəçilər əldə etsələr də, dövləti qurmağa başlayanlar bürokratlar, keçmiş güclülər oldu və bugünə qədər də davam edirlər.
Bunu anlamaq çox önəmlidir ki, həyatda və siyasətdə bir çox şeylər müəyyən səbəblərdən baş verir. Bizim bu səbəbləri tam anlaya bilməməyimiz ona gətirib çıxarır ki, biz məsələlər və hadisələr haqqında səthi mülahizələr qururuq.
Bu təzadlı suallardan biri də Azərbaycan dövlətinin banisi kimdir sualıdır.
Yuxarıda yazdıqlarımdan belə bir nəticə çıxara bilərik ki, əslində Azərbaycan dövlətini və millətini Sovet İttifaqı yaratdı: milli dövlətin bir çox atributları məhz Sovet dövründə formalaşdı, kristallaşdı.
Bu atributların içində güc və intellektual elita da var idi.




