Rəşad Şirinin bloqu: Rusiyanın gücü nədədir?

Kreml

Şəklin mənbəyi, Getty

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Rusiyanın gücünün nədə olduğunu düşünəndə ilk növbədə onun nəhəng ərazisi adamın gözünün qabağında durur.

Çox maraqlıdır ki, biz çox vaxt bir ölkə haqqında düşünəndə onun təxmini (nisbi) gücünü ölçməyə çalışırıq. Misal üçün, Almaniyanın gücü onun iqtisadiyyatındadır deyə bilərik, İsrailin gücü hərbi qüvvələri və diasporasında, Amerikanın gücü bir çox şeydədir.

Rusiyanın ərazisi bəzən gücünün bir elementi kimi göstərilir. Rusiyanın böyük, nəhəng olması onun güclü və vahimə yaradan dövlət olması kimi hiss edilir.

Bunun psixoloji tərəfi də var “O boyda Rusiya” ifadəsi çox vaxt Rusiyanın ərazisi haqqında deyilən fikirdir.

61 000 km sərhəd zolağı və 14 ölkə ilə sərhəd olması o deməkdir ki, Rusiyanın hamı ilə işi var, Rusiyanın hamı ilə sərhədi var.

Böyük ərazisi olan bir tarix qalığıdır Rusiya əslində. Çox az dövlət var ki, tabeliyində və ya təsir altında bu qədər işğal edib hələ də saxlaya bildiyi ərazisi var.

Rusiya dövləti 16-cı əsrdən başlayaraq Sibiri, Qafqazı, Orta Asiyanı (19-cu əsr) və Uzaq Şərq (17-19 əsrlər) torpaqlarını işğal edir. Genişlənə bildiyi qədər genişlənir.

Ümumiyyətlə, müasir Rusiyanı anlamaq üçün Rusiyanın tarixinə baxmaq lazımdır. Xüsusilə də hər kəsin anlamalı olduğu bir məqam var – Sovet İttifaqı əslində Çar Rusiyasının digər bir formada davamı idi.

Necə ki, indiki Rusiya Federasiyası həm Sovet İttifaqının həm də Çar Rusiyasının davamıdır. Davamıdır deyəndə ki, elə onların özüdür.

Düşüncəmizdə tarix dönəmlərə bölünmüş olduğu üçün bizə elə gəlir ki, nəyinsə başlaması üçün nəyinsə bitməsi vacibdir (SSRİ-Rusiya Federasiyası).

Kreml

Şəklin mənbəyi, AFP

Amma necə ki, tarixi dönüş nöqtələrində köhnə insanlar ölüb yerinə yeni insanlar doğulmur, eləcə də bir quruluş dağılıb yerinə tamamən fərqli və yeni təsisatlar gəlmir.

Çünki təsisatlar davam edən insan fenomeni üzərində qurulur və insanlar yaşamağa davam edir. Yeri gəlmişkən ictimai fikirdə “köhnə nəslin hamısı qırılmalıdır, yerinə yeni nəsil gəlməlidir, o zaman bəlkə nəsə düzələ” düşüncəsi son dərəcə yayğın bir düşüncədir və tarixin davamiyyətini pozmaq səbirsizliyinin göstəricisidir.

Ona görə də “Sovet İttifaqı dağıldı” ifadəsində çox böyük illüziya var. Çünki Sovet dönəmində dövlət idarələrində çalışan insanlar və rəhbərlərin çoxu bu gün də hakimiyyətdədir.

Yenidən Rusiyaya gəldikdə, onun bu günə qədər ayaqda qalması və ətrafındakı dövlətləri nəzarətdə saxlamasının səbəbləri haqqında danışaq.

Rusiya Federasiyasını bütün digər keçmiş Sovet respublikalarından ayıran ən əsas fərqlərdən biri ondan ibarətdir ki, Rusiya SSRİ yaranan zaman bu ərazilərdəki yeganə təsisatları olan dövlət idi.

Bölgənin digər təsis olunmuş dövlətləri Türkiyə və İran idilər. 1923-cü ildə Osmanlının Türkiyə Cümhuriyyətinə, daha sonra isə Fars imperiyasının İrana transformasiyası nəticəsində sırf bu dövlətlər tarixi davamiyyətini qorudu.

1991-ci ildən sonra, yəni respublikaların Moskvadan ayrılmasından sonra Sovet İttifaqına aid olan ən əsas təsisatlar Rusiya Federasiyasının nəzarətinə keçdi.

Moskva SSRİ-nin paytaxtından RF-nin paytaxtına çevrildi və Sovet dövlətinə aid olan bütün hakimiyyət infrastrukturunu öz adına keçirdi.

Xarici siyasət, hərbi sənaye, hüquq-müdafiə, iqtisadiyyat, dövlət bürokratiyası və digər mühüm təsisatlar SSRİ-dən RF-ə keçdi. Yeni ayrılmış respublikalar bunların hamısını özləri qurmalı oldular – dövlət aparatı, ordu, sərhəd, polis, sosial müdafiə və sairə.

Bundan əlavə beynəlxalq institutlarda SSRİ-nin hüquqi davamçısı RF oldu və beləcə dünya sistemində SSRİ-nin varisi oldu. BMT-nin təhlükəsizlik şurasında SSRİ avtomatik olaraq Rusiya ilə əvəzləndi.

Rusiya SSRİ-ə aid olan bütün nüvə silahına sahib oldu. Belarus, Qazaxıstan və Ukrayna 1992-ci ilə qədər nüvə dövləti hesab olunurdu, daha sonra isə öz nüvə arsenalını beynəlxalq razılıq əsasında Rusiyaya təhvil verdilər.

RF-nin yeni yaranmış ölkələrə təsir vasitələrindən biri də milli (etnik) məsələlərdir. Uzun illər boyu müxtəlif kimlikləri qarışdıraraq, yerlərini dəyişərək, Rusiya çox böyük bir mozaika yaradıb. Etnik münasibətlərdə iki məqam var.

Birincisi, bu dövlətlərdə mövcud olan qeyri-rus etnik azlıqlara dəstək verməklə mərkəzi hakimiyyəti zəiflətmək siyasəti (Gürcüstan, Azərbaycan). İkincisi, bu ölkələrdə yaşayan rus və ya rusdilli əhalinin qorunması adı ilə vaxtaşırı müdaxilələr etmək (Ukrayna, Moldova, Qazaxıstan, Baltik ölkələri)

Burada rusdillilik məsələsi çox önəmlidir, çünki söhbət ancaq etnik Rus əhalisindən getsə, bu rəqəmlər daha az ola bilər. Rusdillilər – yerli etnik coxluğa (və ya azlığa) aid olub, amma rus dilində təhsil alıb, rusca danışan insanlardır.

Rusiya onları müdafiə etmək məsələsini 90-cı illərdən bəri qabardır. Əslində bu dəqiq olduğu qədər də mücərrəd kateqoriyadır. Dil bənzərliyi olan ölkələrə gəldikdə bu daha da mürəkkəbləşir.

Misal üçün Ukraynanın şərq bölgələrində ruslaşmış əhali çoxdur, amma burada rus və ya ukraynalı olmaq daha çox seçim məsələsidir. Bir ukraynalı gəncin dediyi kimi “eto zov serdtsa”, yəni bu daha çox ürək məsələsidir. Qarışıq ailələr də bu kateqoriyaya aid edilir.

Bu sadaladıqlarımız mexanizmlərin çoxu “yumşaq güc” anlayışına daxil edilə bilər və həqiqətən də Rusiyanın bölgədə “yumşaq gücü” effektivdir.

Bunun bir göstəricisi də Sovet dövründə hakim elitalar arasında yaranmış və hələ də davam edən və yenilənən insanlararası şəbəkələrdir.

Bu siyahını çox uzatmaq olar. Buraya Rusiyada yaşayan Qafqazlılar, Orta Asiyalılar, Ukraynalılar və digər icmaları da aid etmək olar. Bundan əlavə Rusiya ilə bağlı olan kəşfiyyat şəbəkələrinin də rolu digər ölkələrin kəşfiyyatından daha güclü və daha genişdir.

Bütün bunlar göstərir ki, Rusiyanın keçmiş Sovet ölkələrinə qarşı məqsədyönlü şəkildə istifadə etdiyi mexanizmlər və eyni zamanda onlarla tarixən formalaşmış mədəni və maddi bənzərlik və vəhdət mövcuddur.

Sadəcə çox maraqlı məqam ondan ibarətdir ki, bütün bu dövlətlərin gəncliyi öz gələcəyini Rusiyada görmür və get-gedə Rusiya ilə bağlı olan bu bədbinlik daha da ciddiləşir və artır. Post-Sovet dönəmində yetişmiş gənclik fərqlidir. Söhbət ondan getmir ki, yeni insanlar Rusiyayönlü yox, Qərbyönlüdür.

Burada daha vacib məqam ondan ibarətdir ki, yeni yaranan gənclik və xüsusilə də elita özünü müstəqil hiss etmək istəyir və Rusiyaya bu yolda təhlükə kimi baxır.

Kapitalizmin və bazar iqtisadiyyatının formalaşdığı cəmiyyətlərdə gənc insanlar indi daha çox imkanlar əldə edir, qlobal dünya trendləri ilə yaşayır, biznes qurur, təhsil alır və s.

Bu baxımdan arxaik və iyerarxik sistemlərə sahib olan Rusiya özü-özlüyündə o qədər də cazibədar deyil gənclər üçün.

Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Rusiyanın “özünü pis aparması” (Gürcüstan və Ukraynaya hücumlar) Post-Sovet ölkələrindəki yeni nəsildə Rusiyaya qarşı ciddi antipatiya yaratdı. Və görünən odur ki, bu antipatiya artmaqda davam edəcək.

Xülasə, təbiət qanunlarına görə çox zaman indiki vəziyyətdən daha çox tendensiya önəmlidir. Post-Sovet ölkələri bərkə-boşa düşərək, bərkiyib yenilənəcək və öz müstəqilliyinə daha çox bağlanacaq.

Yəni indi vəziyyətin ürəkaçan olmaması, mənim fikrimcə, dəyişən bir durumdur və hər şeyi əslində gələcəyə yönəlmiş trendlər göstərəcək.