Ucaboyluların xərçəng riski yüksəkdir

Şəklin mənbəyi, Science Photo Library
İsveç alimləri insanın boyu ilə onun xərçəngə tutulmaq ehtimalı arasında əlaqə aşkar etdiklərini bildiriblər.
Karolina İnstitutundan olan alimlər bu nəticəyə 5 milyon insanın son 50 ilə yaxın müddətdəki xəstəlik tarixlərini təhlil etdikdən sonra gəliblər.
Nəticələrə görə boyları orta göstəricidən yüksək olan insanların döş, dəri və başqa xərçəng növlərinə tutulması riski bir qədər yüksəkdir.
Hesabatda bildirilir ki, orta boya əlavə hər 10 santimetr xərçəng riskini qadınlarda 18, kişilərdə isə 11 faiz artırır.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, bu tədiqiqat zamanı başqa faktorlar nəzərə alınmayıb və ona görə də ucaboylu insanlar vaxtından əvvəl həyəcanlanmamalıdırlar.
Onların fikrincə, xərçəng riskini azaltmağın yolları haqqında çox deyilib və bu, dəyişməz olaraq qalır. Bunlar sağlam həyat tərzi, pəhriz və bəd vərdişlərdən kənar durmaqdır.
Təkcə boyla deyil
Boyla xərçəngin əlaqəsinə gəlincə isə, bu bağlılıq əvvəllər də məlum idi, hərçənd səbəbi indiyədək bəlli deyil.
Məsələn, ucaboy qadınlarda döşün xərçəngi riski 20 faiz artıq olur, ucaboy kişilərdə isə dəri xərçənginin riski 30 dərəcəyə çatır.
Alimlər deyirlər ki, boy, özlüyündə xərçəngə səbəb olmur, lakin o, buna səbəb olan hansısa faktorlarla bağldır.
Onların fikrincə, uca boyun formalaşması bir çox faktorların təsiri altında baş verir və bunlardan bəziləri xərçəng riskinin artmasına da səbəb ola bilər.
Məsələn, ucaboy insanlarda hüceyrələrin sayı və deməli potensial xərçəng riski də artıq olur.
Alimlərin bu istiqamətdə tədqiqatların davam etdiriləcəyini bildiriblər.




