Dünyanı "xərçəng xəstəliyi dalğası" bürüyə bilər

Şəklin mənbəyi, spl
Dünyanı xərçəng xəstəliyinin "yeni dalğası" gözləyir, bu səbəbdən alkohol və şəkər istehlakına məhdudiyyət qoyulması nəzərdən keçirilməlidir, Dünya Səhiyyə Təşkilatı (DST) bildirib.
DST proqnozuna görə, xərçəng xəstəliyi hallarının sayı 2035-ci ildə 24 milyona çatacaq, lakin eyni zamanda bildirilir ki, bu xəstəlik hallarının yarısının qarşısı alına bilər.
DST bildirib ki, siqaretçəkmə, piylənmə və alkohola qarşı tədbirlər görməklə xərçəng xəstəlyi təhlükəsini azaltmaq mümkündür.
Dünya Xərçəng Araşdırmaları Fondu isə xərçənglə pəhriz arasında bağlılığdan çoxlarının məlumatsız olduğunu qeyd edib.
Fond bildirib ki, hər il orta hesabla 14 mln insanda xərçəng xəstəliyi müəyyən edilir, ehtimallara görə bu rəqəm 2025-ci ildə 19 mln, 2030-ci ildə 22 mln, 2035-ci ildə isə 24 mln təşkil edəcək.
Ekspertlərə görə, gözlənilən yeni xərçənq xəstəliyi dalğasının əsas ağırlıq mərkəzi bu dəfə inkişaf edən ölkələrin üzərinə düşəcək.
DST Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin direktoru doktor Chris Wild BBCə bildirib ki, "qlobal xərçəng təhlükəsi artımının səbəbləri ilk növbədə əhalinin say artımı və yaşlaşması ilə bağlıdır".
Bir çox ölkələrdə qadınlar arasında xərçəngin yayılması əsasən döş vəzi xərçəngilə bağlıdır, Afrikada isə qadınlar arasında daha çox uşaqlıq boynunun xərçəngi yayılıb.
Güman edildiyinə görə insan papiloması (HPV) və digər viruslar əleyhinə peyvəndlənmə xərçənq xəstəliyinə yüz minlərlə tutulma hallarının qarşısını alıa bilər.
Hesabat müəlliflərindən biri olan, Avstraliya və Yeni Cənub Uels Universitetindən doktor Bernard Stewart hesab edir ki, xərçəng təhlükəsinin azalmasında profilaktik tədbirlərin görülməsi mühüm rol oynaya bilər.
Alkohol, şəkər, ət və sairə
Onun təbirincə, alkohol, piylənməyə səbəb olan şəkər, saatlarla günəş altında qalmaq, digər növ şüalanmalar xərçəng riskini artırır.

Şəklin mənbəyi, BBC World Service
Bu arada 2,046 adamın iştirakı ilə Britaniyada Dünya Xərçəng Araşdırmaları Fondu tərəfindən keçirilmiş sorğu iştirakçılarının 49 faizi pəhrizlə xərçəng xəstəliyi arasında əlaqədən xəbərsiz olduqlarını bildiriblər.
Fondun Baş meneceri Amanda McLean hesab edir ki, "Britaniyada xərçəng xəstəliyi hallarının üçdə birinin qarşısını sağlam çəki, sağlam pəhriz və fiziki fəalıq hesabına almaq olar".
O, gündəlik pəhrizə tərəvəz, meyvə və emal olunmamış dənli bitkilərdən hazırlanmış yeməkləri daxil etməyi, alkohol və qırmızı ətin qəbulunu isə azaltmağı, emal olunmuş ət yeməklərini isə pəhrizdən tamamailə çıxarmağı məsləhət görür.
Britaniyanın Xərçəng Araşdırmaların institutundan doktor Jean King isə əmindir ki yaxın 20 ildə gözlənilən xərçəng xəstəlikləri artımı dalğasını yarıyadək kəsmək mümkün ola bilər.
Onun qənaətincə, "insanlar sağlam həyat tərzi seçməklə xərçəng riskini azalda bilərlər, lakin hökümət və cəmiyyət də sağlam həyat şəraitinin yaradılması üçün məsuliyyət daşıyırlar".
Ekspert xəbərdalıq edir ki, "indi tədbir görülməsə, 20 ildən sonra dünya xərçəng xəstəliyi böhranı ilə üzləşə bilər"




