Azərbaycan-Ermənistan sərhədində gərginlikdən sonra "atəşin intensivliyinin azalması" bildirilib

Şəklin mənbəyi, Azertag
Azərbaycan-Ermənistan sərhədində "gecə boyu" atəşkəsin pozulmadığı bildirilib, bu barədə məlumatı Ermənistan MN yayıb. Azərbaycan sərhəddəki son vəziyyətlə bağlı məlumat verməyib, amma cümə günü gecə bildirib ki, daha bir hərbçisi həlak olub.
Sərhəddə döyüş çərşənbə axşamı günü axşam saatlarında başlayıb. Buna görə tərəflər bir-birini ittiham edib. Mayın 13-nə olan tərəflərin rəsmi məlumatına əsasən, son iki gün ərzində sərhəddə baş vermiş gərginlik nəticəsində Azərbaycan ordusunun 2 hərbi qulluqçusu həlak olub və 1 əsgər yaralanıb, Ermənistan isə 1 hərbçisini itirdiyini və ümumilikdə 8 hərbi qulluqçusunun yaralandığnı açıqlayıb.
Sərhəddə gərginlik Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin ABŞ-da dörd günlük danışıqlarından sonraya və hər iki ölkə liderinin mayın 14-də Brüsseldə gözlənən görüşü ərəfəsinə təsadüf edir.
Ermənistan Müdafiə Nazirliyinin mayın 12-də saat 22:45-ə olan məlumatına görə, Geğarkunik vilayəti Verin (Yuxarı) Şorca, Kut və Sotk yaşayış məntəqələri yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərinin istiqamətində "atəşin intensivliyi saat 21:40-dən azalıb".
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin "davam edən təxribatı nəticəsində" Azərbaycan ordusunun bir hərbi qulluqçusu həlak olub.
Cümə günü döyüş davam edib
Cümə günü Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edib, axşam saatlarında atəşkəs pozulub, buna görə tərəflər bir-birini ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, cümə günü saat 18:00-da Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Sotk istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
Ermənistan Müdafiə Nazirliyi eyni istiqamətdə mövqelərinin Azərbaycan silahlı qüvvələri tərəfindən minaatanlarla atəşə tutulduğunu deyib.
Axşam saat 23:30-a olan məlumata görə, Ermənistan 1 əsgərinin öldüyü, ikisinin yaralandığını bildirib.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin saat 10:00 radələrində pilotsuz uçan aparatdan istifadə edərək, Ermənistanın Sotk məntəqəsi istiqamətində atəşkəs rejimini pozduğunu açıqlamışdı.
Hadisə nəticəsində 2 Ermənistan hərbçisi yaralanıb, Ermənistan MN açıqlamışdı.
Azərbaycan Müdafiə Nazirliyi bu gün açıqlayıb ki, ötən sutka ərzində "mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub".
Brüssel görüşünü pozmağa cəhd?
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri mayın 10-dan başlayaraq iki ölkə sərhədində bir neçə dəfə təkrarlanan atışmaya görə bir-birini sülh prosesini və iki dövət liderinin Brüssel görüşünü pozmağa cəhddə ittiham edir.
Azərbaycan-Ermənistan sərhədində çərşənbə günü axşam saatlarında başlamış atışmalarda Azərbaycan bir hərbçisini itirdiyini, birinin yaralı olduğunu, Ermənistan isə 4 hərbçisinin yaralandığını bildirmişdi. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib.
Sərhəddə gərginlik Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin ABŞ-da dörd günlük danışıqlarından sonraya - hər iki ölkə liderinin mayın 14-də Brüsseldə görüşünün gözlənməsi ilə bağlı məlumatların yayıldığı ərəfəyə təsadüf edir.
"Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır", - Azərbaycan xarici işlər nazirliyinin cümə axşamı yaydığı bəyanatında deyilir.
"Azərbaycan Vaşinqtonda əldə edilmiş razılaşmaları puça çıxarmağa və mayın 14-də Brüsseldə keçiriləcək görüşü, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı beynəlxalq birliyin səylərini pozmağa çalışır", - Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatında deyilir.
Cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, mayın 14-də Brüsseldə İlham Əliyevlə görüşdən imtina etmək niyyətində deyil.
Bu gün Azərbaycn Xarici İşlər Nazirliyi mayın 14-də Avropa İttifaqı Prezidenti Charles Michel-i vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə, iyunun 1-də isə Avropa Siyasi İcmasının Kişinyov şəhərində keçiriləcək növbəti görüşündə Fransa Prezidenti Emmanuel Macron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə planlaşdırılan görüşlərlə bağlı da məlumat yayıb.
Sərhəddə baş verənlər Rusiyanın "növbəti müdaxiləsidir"
Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, sərhəddə baş verənlər Rusiyanın "növbəti müdaxiləsidir".
Onun fikrincə, tərəflərin Vaşinqton görüşünü müsbət qiymətləndirməsi və görüşün Brüsseldə davam edəcəyi xəbərləri Azərbaycan-Ermənistan arasında yekun sülhü olmasa da, müəyyən məsələlər üzrə razılaşmaları ehtiva edən bir sənəd imzalanacağına ümidləri artırmışdı:
"Lakin Baş nazir Nikol Paşinyan Moskvaya gedib qayıtdıqdan dərhal sonra bu hadisələr baş verdi. Bu hadisələr Azərbaycanın adlandırdığı kimi, Ermənistanla şərti sərhəd ərazilərində baş verdi və artıq Azərbaycan tərəfdən bir nəfər itki də var. Bu isə hesab etmək olar ki, Ermənistana Rusiya tərəfindən gələn müəyyən təzyiq məsələsidir".
Siyasi təhlilçi düşünür ki, Rusiya Azərbaycan və Ermənistan arasında Qərbin iştirakı ilə hər hansı bir sənəd imzalanmasını istəmir.
"Çünki bu, Rusiyanın tərəflər arasında vasitəçilik rolunun yox dərəcəsinə enməsinə gətirib çıxara bilər. Bu hadisələrin nəzərdə tutulan Moskva görüşündən öncə baş verməsi onu göstərir ki, burada baş verən eskalasiya sadəcə və sadəcə Moskvanın hazırda apardığı siyasətin maraqlarını tam təmin edir. Böyük ehtimalla, ola bilsin ki, Moskvada Rusiya tərəfi Ermənistan Azərbaycan tərəfləri arasında müəyyən razılaşdırmalar əldə edərək, öz mənfi vasitəçi imicini müsbətə doğru dəyişsin", - siyasi təhlilçi bildirir.
Fuad Şahbazovun sözlərinə görə, hazırda Azərbaycan tərəfdən bu cür eskalasiyanın, ümumiyyətlə, məntiqi yoxdur. O hesab edir ki, buna səbəb Azərbaycanın artıq Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra sərhəd ərazilərə, yəni, həmin Laçın ərazisinə keçən sərhədə və Qarabağda digər ərazilərə, demək olar ki, tam nəzarəti ələ keçirməsidir.
"Brüssel görüşündən öncə Azərbaycan üçün belə bir eskalasiya maraqlı deyildi. Baxmayaraq ki, Paşinyan da bu gün deyib ki, Brüssel görüşündə sənəd imzalanması zəif ehtimaldır. Demək ki, burada müəyyən mənada Rusiyadan hər hansı bir təzyiq var ki, Brüssel görüşündə hər hansı bir sənəd imzalanmasın. Belə bir sənəd Moskva görüşündə imzalansın", - Fuad Şahbazov bildirib.
Azərbaycan MN: "Azərbaycan ordusunun hərbi qulluqçusu başından ağır yaralanıb"
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin mayın 10-da axşam saatlarından "Azərbaycan mövqelərini atəşə tutması hazırda da davam edir".
"Ermənistan silahlı bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə, mövqelərimizi atəşə tutmağa davam edir. Azərbaycan ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür", - nazirlik bildirir.
Qurumun məlumatına görə, çərşənbə günü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vardanes rayonunda "yerləşən mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub".
"Nəticədə Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu başından ağır yaralanıb. Yaralı hərbçi dərhal hərbi tibb müəssisəsinə çatdırılıb", -Azərbaycan MN qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi vurğulayır ki, "Ermənistan tərəfinə təxribatlara son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilsə də, qarşı tərəf növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb".
Azərbaycan "qəsdən törədilən bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü" deyir.

Şəklin mənbəyi, Getty Images
Ermənistan MN: "Dörd hərbi qulluqçumuz yaralanıb"
Ermənistan Müdafiə Nazirliyi cümə axşamı günü yaydığı açıqlamada Azərbaycan hərbçisinin yaralanması xəbərini təkzib edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı günü yaydığı məlumata əsasən, Ermənistanın Sotk məntəqəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində dörd hərbi qulluqçusu yaralanıb.
"Ermənistan tərəfinin mövqeləri cümə axşamı günü saat 6:00-dan atəşə tutulmağa başlayıb. Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə top və minaatanlardan atəş hələ də davam edir", - Ermənistan Müdafiə Nazirliyi bildirir.
Ermənistan Müdafiə Nazirliyi, həmçinin Azərbaycan hərbçilərinin yaralı erməni hərbi qulluqçularını atəş zonasından çıxaran təcili yardım maşınını atəşə tutduğunu iddia edib, Azərbaycan MN bunu təkzib edib.
"Cümə axşamı günü saat 10:10-a olan məlumatına görə, Sotk məntəqəsi istiqamətində gərginliyin zəifləməsi müşahidə olunur", Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan Facebook rəsmi səhifəsində yazıb.
Mayın əvvəli Washingtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər keçirilib.
Azərbaycan və Ermənistan tərəfləri də öz bəyanatlarında bildiriblər ki, tərəflər bu görüşlərdə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
ABŞ dövlət katibi Antony Blinken də görüşlərdən sonra bildirib ki, Azərbaycan və Ermənistan son razılaşmaya yaxındır.






