Bollywood "Ulduz Müharibələri"ni kölgədə qoyur

Ulduz Müharibələri filminin çox səbirsizliklə gözlənən seriyası bu həftə demək olar ki, dünya boyunca ekranlara çıxır.

Ulduz Müharibələri: “Qüvvənin Oyanışı” (The Force Awakens) adlı film planet boyunca ekranlara dekabrın 18-də çıxmalıdır, lakin kinosevərlər onun Hindistan “oyanışı” üçün daha bir həftə gözləməli olacaqlar.

Deyildiyinə görə, kinoprokatçılar bu filmin premyerasını Bollywood-un iki böyük məhsulunun cümə günü ekranlara çıxması ilə yarana biləcək sərt rəqabətə görə bir az ləngidiblər.

Bir çox kinoprokatçılar Ulduz Müharibələrindən ən son seriya ilə eyni günə düşən hər hansı başqa filmin premyerasını etməyi yəqin ki, heç istəməzdilər. Amma söhbət Hindistandan gedir axı...

Şəklin mənbəyi, Red Chillies Entertainment

Burada tamamilə əksinəsi baş verir. Əslində iki böyük Bollywood blokbasterinin rəqabətindən çəkinərək premyera gününü dəyişən Ulduz Müharibələri olub.

Hindistan kinosevərləri üçün bu cümə günü kassa döyüşü tarixi məhəbbət filmi Bajirao Mastani ilə “davalı”, və əlbəttə musiqili məhəbbət kinosu Dilwale arasında gedəcək.

Dilwale filmində Hindistanın ən çox sevilən ekran cütü - Shah Rukh Khan və Kajol yenə də bir araya gələcəklər. Bu film bu il üçün Bollywood-un ən bahalı istehsalı olacaq.

Şəklin mənbəyi, Getty

Bir çoxları Shah Rukh Khan-ı hind kinematoqrafının, satılan bilet sayı ilə götürülsə, dünyanın ən böyük kino ulduzu hesab edirlər.

Bollywood öz filmlərinə ildə 3, 6 milyard bilet satır, Hollywood isə 2,5 milyard.

İldə 1000 filmlə Hindistan dünyanın ən məhsuldar kino sənayesinə malikdir. Lakin biletlərin orta qiyməti nəzərə alınarsa, Hindistan dünyada ən ucuz kino bileti satan ölkələrdən biridir. Odur ki, ümumilikdə onun qazancı Hollywood filmlərindən gələn puldan müqayisə olunmayacaq dərəcədə azdır.

Forbes jurnalının 2015-ci il üçün siyahısında 10 ən yüksək gəlirli aktyor arasında üç hindistanlı var. Honq Konqda yaşayan Jackie Chan-ı çıxmaq şərtilə bu siyahıda qalanları Hollywood aktyorlarıdır.

İndiyədək Bollywood filmlərinə əsasən elan Hindistanda, bir də qonşu ölkələrdə baxılır. Amma Hollywood öz məhsulunu bütün dünyaya ixrac edir.

Şəklin mənbəyi, BBC

Bu yaxınlarda BBC-yə verdiyi müsahibədə Shah Rukh Khan etiraf edib ki, Bollywood xarici pərəstişkarlar qazanmaq üçün öz filmlərinin formatını dəyişməlidir.

''Beş mahnı ilə iki saat yarım filmə baxmaq olar? – deyib King Khan, - Deməli, biz bunu dəyişdirməli olacağıq”.