ABŞ bayrağını hicab kimi taxan qadın

Şəklin mənbəyi, Twitter
ABŞ-da bir qadın Paris hücumlarından sonra anti-müsəlman hisslərinin artması fonunda həm dinini, həm də vətənpərvərliyini göstərmək üçün TV proqrama ABŞ bayrağından hicab taxaraq çıxıb.
Respublika Müsəlman Koalisiyasının yaradıcısı olan Saba Ahmed FOX kanalında Megyn Kellynin xəbər proqramında Amerika müsəlmanlarının dini azadlığının müdafiəsindən danışıb.
O, öz fikirlərini ABŞ bayrağından hicab taxaraq təzahür etmək istəyib.
"Son dəqiqə qərar verdim," Ahmed BBC Trendingə deyib.
Əslində o, bənövşəyi rəngdə hicab geyinəcəkdi.
"Məni geyindirən xanımlar dedilər ki, bu, çox gözəldir. Mən onu bənövşəyi şarfla birgə taxacaqdım, amma onlar dedi ki, əgər bəyanat vermək istəyirsənsə, belə çıx."
Proqramda o, Donald Trump-ın sözçüsü ilə üz-üzə gəlib. Sözçü iddia edir ki, ABŞ-da terrorun qarşısını almaq üçün məscidlər bağlanmalıdır.
"Vermək istədiyim mesaj bu idi ki, biz amerikalıyıq, müsəlmanıq, respublikaçıyıq. Bizə uyğunlaşmalı və qəbul edilməliyik", Ahmed deyir.
Qadının seçimi sosial mediada gündəmi zəbt edib.
Bəziləri deyib ki, "Amerika bayrağını hicab etmiş bu qadın gördüyüm əsl amerikalıdır".
Başqası isə əlavə edib ki, "Fox News-a Amerika bayrağını hicab taxaraq çıxan qadın bütün mükafatları qazanır".
Lakin qadının hərəkətini tənqid edənlər də olub. "Yaxşı günah. Bu bayraq uğruna İraqda Amerika əsgərləri ölür. O, hicab deyil."
Başqa bir nəfərsə tvitləyib ki, "əgər amerikalı qadınlara bayrağı çimərlik dəsti/alt paltarı kimi geyinməyə icazə verirsinizsə, onda müsəlman amerikalı qadının bunu hicab kimi geyinməsi söhbət mövzusu belə olmamalıdır".
Tənqidlər Ahmedə təsir etməyib. Onun sözlərinə görə, çox insan sadəcə İslamı bilmir.
Materialı BBC Trending üçün Olivia Lace-Evans hazırlayıb.




