Erdoğan ölüm hökmünün geri qaytarılmasını dəstəkləyir

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti Recep Tayyip Erdogan İstanbulda keçirilən kütləvi nümayişdə deyib ki, ölüm hökmü parlament və cəmiyyət tərəfindən dəstəklənərsə o, hökmün geri qaytarılmasını təsdiqləyə bilər.
Erdoğan bu fikirləri, çevriliş cəhdinə qarşı 'Demokratiya Növbətçiliyi' adı altında keçirilən növbəti nümayişə toplanan ən az bir milyon kütlə qarşısında deyib.
Cənab Erdogan əlavə edib ki, hökumət strukturlarının hamısı ABŞ-da məskunlaşan din xadimi Fethullah Gulen-in bütün dəstəkçilərindən təmizlənəcək.
Türkiyə hökuməti din xadimini ölkədə çevrilişə cəhd etməkdə günahlandırır. O, isə bu ittihamları rədd edir.
Nümayişə prezident Erdoğan, baş nazir Binali Yıldırım, CHP sədri Kemal Kılıçdaroğlu, MHP lideri Devlet Bahçeli, sabiq prezident Abdullah Gül ve hərbiyyənin rəhbəri Hulusi Akar da qatılıb. Kürd partiyası nümayişə dəvət olunmayıb.
15 iyul tarixində baş verən çevrilişə cəhd hadisəsində 270-dən çox insan ölüb. Minlərlə Fəthullah Gülen tərəfdarı olduğu iddia olunan insan ya həbs olunub ya da istefaya göndərilib.
Qərb ölkələri hökumətin çevrilişə cəhdə cavab olaraq atdığı addımları tənqid edib.
'5 milyon'

Şəklin mənbəyi, AFP
Türkiyə hökumət mənbələri deyib ki, bütün ölkə üzrə canlı yayımlanan nümayişə 5 milyon insan qatılıb.
Cənab Erdogan nümayişə toplananlara deyib: "Ölüm hökmü haqqında Türkiyə parlamenti qərar verəcək.. Mən bunu əvvəlcədən bəyan edirəm ki, mən parlamentin qərarını təsdiqləyəcəm."
"Onlar deyirlər ki, Avropa Birliyində ölüm hökmü yoxdur.. Yaxşı, ABŞ-da bu var, Yaponiyada bu var, Çində bu var, dünyanın bir çox ölkələrində bu var. Deməli onlar bunun olmasına icazə verirlər. Bizdə bu hökm 1984-cü ilə qədər olub. Suverenlik insanlara məxsusdur, əgər millət bu qərarı verirsə, mən əminəm ki, siyasi partiyalar da bunu yerinə yetirəcək."

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, Reuters
Prezident Cənab Gülen-ə qarşı sərt çıxış edərək gələcəkdə daha ciddi ölçülərin götürüləcəyini vurğulayıb.
"Əlbəttə, biz bu təşkilatın bütün üzvlərini üzə çıxarmalı və qanun çərçivəsində onları aradan qaldırmalıyıq, lakin biz fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırsaq, o zaman dövlət və millət kimi biz belə viruslara qarşı müdafiəmizi zəif saxlamışıq olacağıq."
Prezidentdən sonra çıxış edən baş nazir Binali Yildirim nümayiş iştirakçılarına deyib ki, cənab Gulen Türkiyəyə gətiriləcək və çevriliş cəhdinə görə cəzasını çəkəcək.
İnsanlar qarşısında nadir hallarda çıxış edən, Türkiyə hərbiyyə rəhbəri, Hulusi Akar deyib ki, "xainlər" ən sərt şəkildə cəzalandırılacaqlar və o, çevrilişi yatırtmaqda kömək etdiyinə görə vətəndaşlara təşəkkür edib.




