İran: Ruhani qadın ayrı-seçkiliyinə görə dövlət qulluğu imtahanını təxirə salıb

Şəklin mənbəyi, AFP
- Müəllif, Mohbod Ebrahimi
- Vəzifə, BBC Farsca
İran prezidenti Həsən Ruhani qadınlara qarşı ayrı-seçkilik narahatlığına görə illik dövlət qulluğu imtahanını təxirə salıb.
Cənab Ruhani təklif edilən bütün 3000 işə baxış keçirməyi və onların qadınlara qarşı qərəzli olub-olmadığını yoxlamağı tapşırıb.
Hərbi Qüvvələrin Ədliyyə Təşkilatı kimi mühafizəkarların nəzarət etdiyi bəzi şöbələr demək olar ki, sadəcə kişilər üçün açıqdır.
Cənab Ruhani qadın haqları ilə bağlı əvvəllər də çıxış edib.
O, bir çox əhəmiyyətli vəzifələrə qadınları təyin edib. Onların arasında ekologiya naziri Məsumə Əbtəkar və əvvəllər Xarici İşlər Nazirliyinin sözçüsü olmuş Mərziyə Əfxam da var.
Xanım Əfxam hazırda ölkənin Malayziyadakı səfiridir. O, İranın ilk qadın səfiridir.
İranda may ayında keçirilmiş parlament seçkilərində rekord sayda qadın deputat seçilib.

Şəklin mənbəyi, AFP
Lakin vətəndaş cəmiyyəti qrupları cənab Ruhaninin qadınların işsizliyi ilə bağlı daha çox iş görə biləcəyini deyirlər.
İran qadınları 1979-cu il İslam İnqilabından bəri təhsildə böyük irəliləyişə nail olublar. İndi qadınlar universitet məzunlarının 60 faizinə qədərini təşkil edirlər.
Lakin buna baxmayaraq qadınlar hələ də iş yerlərində daha az təmsil olunurlar.
Milli Statistika Təşkilatının 2013-cü il üçün ən son rəqəmlərinə görə ölkədəki qadınların yalnız 12.4 faizi aktiv işlə təmin olunublar.
Qadınlar, həmçinin cəmiyyətdəki mühafizəkar yanaşma və diskriminiasya ilə də üzləşirlər.
Son 12 ay ərzində baş vermiş bir neçə qalmaqal da qadınların gündəlik iş həyatında qarşılaşdığı real problemləri önə çıxarır.
2015-ci ilin sentyabr ayında İranın qadınlardan ibarət futbol komandasının kapitanı Nilufər Ardalan ərinin icazə verməkdən imtina etməsinə görə beynəlxalq yarışda iştirak üçün ölkəni tərk edə bilməmişdi.




