İran: Sənətçilərin geyimlərini təhqir edən jurnalın lisenziyası alınıb

Şəklin mənbəyi, hijab

İranın Mətbuat Şurası sənətçilərin geyimi barədə "təhqiaramiz" yazı dərc etmiş Yalasarat əl-Hoseyni adlı mühafizəkar həftəlik məcmuənin lisenziyasını ləğv edib.

"Həftəlik məcmuənin lisenziyası ləğv edilib və iş məhkəməyə göndərilib” – Mədəniyyət Nazirliyinin sözçüsü Hoseyn Nuşabadi Mehr agentliyinə deyib.

"Yalasaratın əməkdaşları ölkənin artistlərini ləyaqətsiz şəkildə təhqir etmiş və bu zaman dinimizə və milli mədəniyyətimizə zidd olan təhqiramiz sözləri işlətmişlər” – Nuşabadi deyib.

Yalasarat jurnalının lisenziyası əvvəllər də əlindən alınıb və bu barədə işlər məhkəməyə göndərilib, lakin ədliyyə rəsmilərinin işə qarışması ilə lisenziya bərpa olunub.

Amma Nuşabadi ədliyyəyə məsləhət görüb ki, bu dəfə Mətbuata Nəzarət Şurasının qərarını ləğv etməməklə “məsuliyyət nümayiş etdirsin”.

Ənsare-Hezbollah qrupunun rəsmi orqanı olan Yalasarat ötən həftə İran televiziyası və kinosunun sənətçiləri üçün keçirilən illik Hafez mükafatlarının təqdimatı mərasimində çəkilmiş fotolardan bəzilərini çap etmişdi.

“Binamus kimdir?” sərlövhəli yazısı ilə jurnal, qadınlarının və həyat yoldaşlarının natamam hicabla gəzməsinə yol verən məşhurları, əsasən də kişi aktyorları tənqid etmişdi.

İran Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası artıq bir dəfə, ötən yanvarda Yalasarat məcmuəsini cəzalandırıb.

O vaxt həftəlik məcmuə qadın və ailə məsələləri üzrə vitse-prezident Şahindoxt Molaverdi barədə ziddiyyətli məqalə dərc etmişdi.

Xanım Molaverdi qəzetə qarşı məhkəmə iddiasını özü qaldırmışdı.