İranlılar məmurlara ödənən böyük mükafatlardan hiddətlidirlər

Şəklin mənbəyi, Getty
İran dövlətində işləsəydiniz nə qədər maaş alardınız? İndi bu sual İran internetində trendinq edir.
Bundan bir qədər əvvəl bir neçə dövlət məmurunun maaş sənədləri sızıb və bəzi media qurumları tərəfindən dərc edilib.
Bu sənədlər nəinki şişirdilmiş maaşların verildiyini, həm də mükafatların, faizsiz kreditlərin, iş üçün əlavə ödənişlərin edildiyini göstərir.
Məsələn dövlət bankının bir meneceri ayda 70 min dollar maaş alırmış.
Bunun tamamilə əksinə olaraq ictimai sektorda çalışanların – müəllimlərin, tibb bacılarının və jurnalistlərin aylıq maaşları hardasa 500 dollar təşkil edir.
BBC Trending yazır ki, mühafizəkar siyasi dairələri dəstəkləyən media qurumları bu faktdan mötədil prezident Ruhaninin hökumətini tənqid etmək üçün istifadə edir.
Lakin hökumət bildirir ki, məmurlara belə maaşların verilməsi praktikası hələ keçmiş mühafizəkar prezident Mahmud Əhmədinejadın vaxtından qalıb.
Amma bütün bunlara baxmayaraq indi internet istifadəçiləri həm mühafizəklarları, həm də islahatyönlüləri tənqid edirlər.
BBC Trending yazır ki, bu müzakirələri Telegram aplikasiyasında aparırlar. İranda bu app Facebook və Twitterdən fərqli olaraq bloklanmayıb.
Populyar satirik kanallardan biri olan Məmləkət xahiş edir ki, istifadəçilər reaksiyalarını audio formatda göndərsinlər.
İstifadəçilərdən biri bildirir ki, hər halda təzə hökumətə təşəkkür düşür, çünki əvvəllər belə siqnallar mediaya sızmazdı.
“Eyni işlər, eyni oğurluqlar əvvəlki administrasiyaların vaxtında da davam edib, daha çox insan yoxsullaşıb. Amma onda heç kim bu barədə danışmırdı.” – deyib istifadəçi.
Başqa bir istifadəçi isə qəzəblidir və deyir ki, elə indiki hökuməti də sorğu-suala çəkmək lazımdır.
Kanal səs sahiblərinin anonimliyini saxlayır.
Bəzi iranlılar bu məsələni Twitterdə də müzakirə edirlər.
Bir istifadəçi Twitterlə dünya liderlərinin maaşlarını əks etdirən infoqrafika göndərib və altından belə yazıb: “Obama CV-sini göndərib və prezidentliyi başa çatan kimi İran bankında işləmək istəyir”.




