İranlılar seksual təcavüz qalmaqalını müzakirə edirlər

Şirani kömək umacaq şəxsin olmadığını deyir.

Şəklin mənbəyi, Facebook Sheena Shirani

Şəklin alt yazısı, Şirani kömək umacaq şəxsin olmadığını deyir.

İran televiziyasında cinsi təcavüz barədə iddialar qadınları sükutu pozmağa ürəkləndirib. Onlar ölkə daxilində adətən ənənəvi baxımdan müzakirəsi məqbul sayılmayan problemlərdən söz açıblar.

İranın Press TV şəbəkəsində çalışan xəbər aparıcısı Şina Şirani, özünün dediyinə görə, iki menecerinin uzun müddətdə onu məruz qoyduqları seksual qısnama barədə haray qaldırıb.

O iddialarının həqiqiliyini sübut etmək üçün öz rəisi Həmid Rza Emadinin telefon söhbətinin səs yazısını internetə yükləyib. Emadiyə məxsus olduğu iddia edilən səsin sahibi Şiranidən dəfələrlə seksual münasibət tələbində bulunur.

Bu insidentə görə işini atmağa və ölkəni tərk etməyə məcbur olan Şirani sonradan səs yazısını öz Facebook səhifəsinə post edib və ona 120 min dəfədən çox qulaq asılıb.

Şirani bundan başqa Emadinin göndərdiyi SMS-in fotosunu da dərc edib. Bu SMS-də Emadi ondan sözü gedən səs yazısının internetdən silinməsini tələb edir.

Şəklin mənbəyi, Facebook Sheena Shirani

Başqa bir fotoda əks olunmuş WhatsApp mesajında da Emadinin bəyanatı görünür. O iddiaları rədd edir və bildirir ki, səs yazısı saxtalaşdırılıb. Lakin bununla belə, Press TV üçün görünməmiş hadisə baş verib. Şəbəkə elan edib ki, təhqiqat başa çatanadək adları çəkilməyən iki əməkdaşını işdən uzaqlaşdırıb. Bunlardan birinin məhz Emadi, digərinin isə Şiraninin seksual təcavüzdə ittiham etdiyi ikinci şəxs olduğuna böyük ehtimal var.

İranın hökumət xəbər agentliyi vasitəsilə yayılmış bəyanatında Press TV bildirib: “Səs yazısı hüquqi baxımından qeyri-məqbul hesab edilsə də, bu məsələnin ciddiliyini nəzərə alan müvafiq rəsmilər onun araşdırılması ilə məşğuldurlar”.

Bəyanatda deyilir ki, bu audio faylı “İran sisteminə siyasi motivlərlərlə qarşı çıxanların köməyi ilə hazırlanıb”. Şiraninin adı çəkilmədən bu da qeyd olunur ki, məsələ “şübhəlidir, çünki qadın bu hadisədən cinayət axtarışı qaydasında” ərizə verməyib.

“Gözləmək olardı ki, şəxs bu məsələni sosial media şəbəkəsinə çıxarmazdan əvvəl rəsmi şikayət etməli idi” – deyilir bəyanatda.

Şirani cavab olaraq bildirib ki, ittiham etdiyi adamlara onların özləri barədə şikayət edə bilməzdi.

“Əgər İran kimi cəmiyyətdə zəifsənsə və qüdrətli insanlara çıxışın yoxdursa, deməli təkbaşınasan – deyib Şirani “Amerikanın səsi” radiosunun Fars xidmətinə, - Üstəlik də, əgər uşaqlı tənha qadınsansa, deməli sənin cəmiyyətdə heç bir dəyərin yoxdur”.

Şirani deyib ki, seksual qısnama onun Press TV-də üzləşdiyi daha geniş təcavüzün yalnız bir hissəsi olub. O deyib ki, iş yerində bir neçə dəqiqə gecikmə kimi kiçik xətalara görə daim tənbeh edilib. O həmçinin hökumət idarələrində tələb olunan ciddi geyim qaydalarına əməl etmədiyi üçün də cəzalandırılıb.

"Mən bilirdim ki, mənə heç kim peşəkar kimi baxmır. Mənə yalnız seks obyekti kimi baxırdılar” – deyib Şirani müsahibədə.

Şiraninin hərəkəti və onun səmimi çıxışı iş yerində seksual qısnamaya dair debata yol açıb. Bu məsələ İranda nadir hallarda müzakirə edilir və bir qayda olaraq mediada ictimailəşdirilmir.

Sosial media əslində iranlılara Şiraninin başına gələnlər barədə fikirlərini ifadə etmək meydanı verib.

“Onun cəsarəti təqdirəlayiqdir. Biz, bütün qadınlar ondan öyrənməli və insan məxluqu kimi hüquqlarımızı müdafiə etməliyik” – deyilir bir Facebook postunda.

Şirani deyib ki, o müxtəlif qısnamalara məruz qalıb

Şəklin mənbəyi, FacebookSheena Shirani

Şəklin alt yazısı, Şirani deyib ki, o müxtəlif qısnamalara məruz qalıb

Başqa bir istifadəçi isə yazıb: “Sizin cəsarət və ləyaqətinizi alqışlayıram. Sizin səsiniz başqa qurbanların da səslərini ucaldıb”.

Bir çox qadınlar başlarına Şiranının yaşadığına bənzər hadisələrin gətirildiyindən yazırlar. Bir postda deyilir: “Mən ona inanır və onu başa düşürəm. Mən bu müsahibəyə ağlaya-ağlaya qulaq asmışam. Səni incidən bu iyrənc baxışlardan, iyrənc sözlərdən şikayət edəsi bir hakimiyyət orqanı yoxdur. Əksinə sənin özünü mehribançılıq etdiyinə, kosmetikadan istifadə etdiyinə, ətir vurduğuna və ya güldüyünə görə cəzalandıra bilərlər”.

Başqa bir qadın Tvitterdə yazdığı postda İran nazirliklərindən birində işlədiyi vaxtlarda üzləşdiyi daimi qısnamalardan şikayətlənib. “Mən Şinanın audioyazısına qulaq asdım. Onun əhvalatı mənə çox tanış gəldi” – yazır qadın.

Başqa bir postda isə deyilir: “Mən qadınam və vaxtaşırı kişi həmkarlarımın rəftarından əzab çəkirəm. Gəlin səmimi olaq və düşünməyək ki, təqsir həmişə qadındadır”.

Başqa bir Tvitter istifadəçisi iş yerində daimi qısnamalara məruz qaldığına görə intihar etmiş həmkarından yazıb.

Bununla belə, öz narahat təcrübələrini paylaşanların sayı elə də çox deyil. Bu başadüşüləndir, çünki məsələ birbaşa şəxsin və onun ailəsinin namusu ilə bağlıdır.

Şiraninin işi ilə bağlı bəzi şərhlərdə İran cəmiyyətinin qadınlara hörmət qoymayan mühafizəkar təbiəti tənqid olunur.

“Cəmiyyətin qapalılığı və dini qərəzin təzyiqi belə halların yaranmasına səbəb olur” – yazır bir Facebook istifadəçisi.

Başqa biri isə yazır: “Ailələr öz uşaqlarını, xüsusən də oğlan uşaqlarını tərbiyəli böyütməlidirlər. Bizim qızlarımız hətta küçədə də təhlükəsizlikdə deyillər, o ki qaldı iş yeri ola”.

İranda baş vermis başqa seksual qısnama hallarında, əsasən təcavüz qurbanlarının özləri “yaraşmayan davranışda” ittiham edilirlər. Belə qurbanların işdən qovulmasının qarşısını alan heç bir hüquqi alət yoxdur. Şiraninin iddialarına sosial mediada verilmiş bəzi şərhlər də təqsiri zərərçəkənin boynuna qoyur.

"Məncə telefon danışığı yazısının dərc olunması şəxsi məqsədlərə xidmət edən qadın hiyləgərliyidir” – yazır Facebook-da bir qadın. O inanır ki, Şirani, çox güman, öz hərəkətləri ilə müdirinə əsas verib. Başqa bir qadın isə yazıb: “Bu qadınlar qüdrətlilərə və sərvətlilərə yaxın olmaq istəyən nəslin nümayəndəsidirlər...Nəticədə isə qurbana çevrilirlər”.

Lakin başqa bir istifadəçi cavab verib: “Qadınların özlərini belə hallara görə ittiham etmək utanc gətirməlidir”.

Şirani Press TV-də 2007-ci ildən işləyib. Hələ o vaxtlar evli olan Emadi isə əvvəllər də ziddiyyətli fiqur sayılıb. O 2013-cü ildə Newsweek məcmuəsinin İranda məhbus edilmiş jurnalisti, təzyiq altında olan Məzyar Baharidən müsahibə aldıqdan sonra Avropa İttifaqının sanksiyalar siyahısına salınıb. Bu hadisədən sonra Press TV-nin Böyük Britaniyada yayını qadağan edilib.