Putin-Erdoğan danışığı: Rusiya turistləri Türkiyəyə "səfər edə biləcək"

Şəklin mənbəyi, AFP
Recep Tayyip Erdoğanla telefonla danışan Rusiya Prezidenti Türkiyə ilə ticarət əlaqələrinin bərpası barədə danışıqlara başlanması üçün hökumətinə göstəriş verəcəyini deyib.
O, Rusiya turistlərinin Türkiyəyə səfərlərinə qoyulan məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılacağını da bildirib, Kreml deyir.
Rusiya prezidentinin rəsmi saytındakı məlumata əsasən Rusiya öz turistlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyə tərəfindən əlavə addımların atılacağına ümid edilir.
Erdoğanla Putin arasında telefon danışıqları "çox məhsuldar və müsbət" olub, Türkiyə prezidentinə yaxın mənbələrə əsasən Reuters agentliyi xəbər verir. Moskva danışıqların "işgüzar və konstruktiv" şəraitdə keçdiyini deyib.
Telefon danışığı Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Rusiya lideri Vladimir Putinə ünvanladığı və Türkiyənin Rusiyaya məxsus təyyarəni ötən il vurması ilə bağlı təəssüf ifadə edən məktubundan sonra təşkil olunub.
Ötən il Suriya ilə sərhəd bölgəsində Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkə liderləri arasında təmas olmayıb.
Kreml danışıqların Moskvanın təşəbbüsü ilə keçirildiyini bildirir. Vladimir Putin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini bərpa etmək üçün hökumətə tapşırıq verdiyini bildirib.
Bundan əvvəl Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda vurulmuş Rusiya təyyarəsinin pilotunun ailəsinə üzrxahlığını bildirib.
Ötən gün isə Türkiyənin baş naziri insidentə görə təzminat ödəməyə hazır olduğunu bildirib.
Binali Yıldırım prezident Recep Tayyip Erdoğanın Rusiyadan üzr istəməsiylə kompromisə gəlindiyini deyib.
Kreml nümayəndəsi isə üzrxahlıq məktubundan sonra "münasibətlərin bir neçə günə düzəlməyəcəyini” bildirib.
Ötən il iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə səbəb Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması olub. Ankara SU-24-ün Türkiyə hava məkanını pozduğunu bildirib. Rusiya isə təyyarənin Suriya üzərində vurulduğunu hesab edir.
Hadisənin ardından Rusiya, Türkiyədən əksər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu.




