Sankt-Peterburq görüşünün yekunları: Bakı və Yerevandan baxış

Rəsmi Yerevan Əliyev-Sarkisyan görüşündən razıdır
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşünün “konstruktiv şəraitdə” keçdiyini və “bir sıra məsələlər üzrə anlaşma” əldə edildiyini bildirib.
“Bu məsələlərə dair razılıq əldə olunsa, tənzimlənmə prosesində irəliləyişə nail olmaq mümkündür”, - görüşdən sonra Nalbandyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfləri arasında prezidentlər və XİN başçıları səviyyəsində görüşlərin davam etdirilməsinə dair razılıq əldə edilib.
Həmçinin oxuyun:
Ermənistan təhlilçiləri tərəfindən Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyan arasında Sankt-Peterburq danışıqları əsasən “atəşkəsin müəyyən müddət qorunub saxlanması imkanı baxımından” müsbət qiymətləndirilir.
Minsk Qrupu formatının “reanimasiyası”

“Problemin nizamlanmasına gəldikdə isə”, politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryanın sözlərinə görə, bu barədə danışmaq tezdir.
“Hazırda baş verənlər Qarabağ probleminin tənzimlənməsi və ya tənzimləmək cəhdi deyil, Minsk prosesinin reanimasiyasıdır”, - İskandaryan Yerevanda mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, sadəcə, Minsk Qrupu həmsədrləri münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmağa çalışırlar. “Bundan ciddi uğurlar ummağa dəyməz, ən çoxu tərəflər yeni görüş təşkil etmək razılığına gələrlər“, - o deyib.
Erməni tərəfinin təkid etdiyi Qarabağ təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiq edilməsi məsələsinə gəldikdə, Azərbaycan bunu istəmir və “hər cür mane olacaq”, İskandaryan deyir.
“Özünü qalib hesab edən erməni tərəfi atəşkəsin pozulmasında maraqlı deyil. Azərbaycanı isə bu mexanizmlərin tətbiq edilməsinə məcbur etmək asan deyil. Bunun üçün mövcud siyasi vasitələr kifayət deyil”, - politoloq qeyd edib.
“Müvəqqəti atəşkəsdən faydalanmaq”

Politoloq Levon Şirinyan da Sankt-Peterburq görüşünün Qarabağ tənzimləmə prosesində ciddi dönüş yaradacağına inanmır.
Onun sözlərinə görə, görüşün yeganə müsbət məqamı odur ki, “müharibənin yenidən başlanması ehtimalı qarşısında bu müvəqqəti sükut” ordunu modernləşdirmək üçün vaxt verir.
“Bu nisbi sükutdan istifadə edib, ordunu yenidən silahlandırmaq imkanından istifadə edə bilsək, görüşün mənasız olmadığını demək olar”, - politoloqu “tert.am” internet nəşri iqtibas edir.
"Çətin olacaq"

Şəklin mənbəyi, Aydin Mirzazade
Millət vəkili Aydın Mirzəzadə isə düşünür ki, prezidentlərin danışıqlara nəzarəti münaqişə ilə bağlı danışıqlarda “keyfiyyətcə yeni bir mühit yaradıb”.
“Azərbaycan həmişə danışıqlarla bağlı öz şərtini bəyan edib ki, torpaqlar işğaldan azad olunmalıdır və danışıqlar naminə Azərbaycan danışıqlarda iştirak etməyəcək. Yəqin ki, bununla bağlı müəyyən nəticələr əldə olunub ki, prezident buna razılıq verib”, millət vəkili vurğulayır.
Cənab Mirzəzadə düşünür ki, bu qərarın verilməsi Rusiyaya danışıqların gedişatına bitərəf kimi təsir etmək imkanı qazandıracaq.
“Ermənistan vaxtaşırı görüşlərdən məsuliyyətsizcəsinə imtina edirdi və ya aparılan bütün görüşləri, Ermənistanın mövqeyini dəyişməsi nəticəsində yenidən başlamaq lazım gəlirdi. İndiki vəziyyətdə isə öz müttəfiqinin də iştirak etdiyi bir vaxtda belə bir addım atması artıq çox çətin olacaq” - o deyir.
Millət vəkili sözlərinə əlavə edir ki, Minsk qrupunda təmsil olunan ABŞ və Fransa prezidentləri də, bu danışıqlarda iştirak etmək istəyəcəyi halda Azərbaycan buna etiraz etməyəcək. "Azərbaycan üçün əhəmiyyəti yoxdur problem hansı formatda həll olunacaq, əsas odur ki, həll olunsun"- o vurğulayır.
"Asılı vəziyyət"
Siyasi təhlilçi Zərdüşt Əlizadə düşünür ki, prezidentlərin özlərinin danışıqlara nəzarət etməsi gələcəkdə “heç nəyi dəyişməyəcək”.
Cənab Əlizadəyə görə prezidentlərin birgə verdiyi bəyanat, “Fransa və Amerika burunlarını Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə soxmasınlar” anlamına gəlir.
“Rusiya Dnestryanı ölkələr vasitəsilə Moldovanı, Abxaziya və Osetiya vasitəsilə Gürcüstanı, Krım və Donbas vasitəsilə Ukraynanı, Dağlıq Qarabağ vasitəsilə də Azərbaycan və Ermənistanı nəzarətdə saxlayır”, təhlilçi Rusiyanın postsovet ölkəsində özünün törətdiyi münaqişələr vasitəsilə bu ölkələri nəzarətdə saxlamaqda israrlı olduğunu qeyd edir.
“Prezidentlərin hər ikisi Rusiya prezidentindən asılı vəziyətdədir” deyən təhlilçi Minsk qrupuna paralel prezidentlərin də danışıqları davam etdirməsini heç bir xarici dövlətin “əziyyət çəkib Rusiyanın daxili həyətinə girməyə” cəhd etməməsinə bir işarə olduğunu hesab edir.




