Dağlıq Qarabağ münaqişəsi - Rusiyanın rolu

Şəklin mənbəyi, AFP
Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Bu, may ayında Vyanada İlham Əliyev və Serj Sarkisyanın görüşündən sonra münaqişə tərəfləri arasında keçirilən ilk görüşdür.
Peterburq görüşündə Vyanada əldə olunmuş razılaşmalar müzakirə edilib.
Görüşdən öncə Rusiya prezidenti Azərbaycan və Ermənistan həmkarları ilə ayrılıqda görüşüb.
Rusiyanın rolu
Bir çox ekspertlərin fikrincə Peterburq görüşü bundan əvvəl keçirilmiş digər görüşlərdən rəsmi Moskvanın roluna görə fərqlənir.
Bu görüşdə Rusiyanın atəşkəsə nəzarət mexanimzmini təklif edə biləcəyi güman edilir.
Rusiya prezidentinin köməkçisi Yurki Uşakovun jurnalistlərə bildirdiyinə görə, Rusiya prezidentlər arasında görüşü təşkil etməklə "vasitəçi kimi missiyasını davam etdirir".
Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramları üzrə baş eksperti Thomas de Waal-ın fikrincə Rusiya, hər iki tərəfdə maraqlarının olmasına baxmayaraq, münaqişənin həllində əsas rolu oynamır.
Onun sözlərinə görə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sülh planını təqdim etməklə özünü sülhün təminatçısı kimi təsdiq etməyə çalışır.
Lakin indiyə qədər Moskvanın da iştirakı ilə hazırlanmış bir neçə sülh planını hər iki tərəf rədd edib.
Ekspertin fikrincə Rusiyanı münaqişənin həllində aparıcı qüvvə hesab etmək doğru deyil və burada aparıcı rolu məhz Azərbaycanla Ermənistan oynayır.
Tərəflər kompromisə hazırdımı?

Şəklin mənbəyi, RIA Novosti
Tərəflər isə aprelin əvvəli, son illər cəbhə xəttində baş vermiş ən ağır döyüşlərə görə bir-birini ittiham edir.
Üç gün davam etmiş döyüşlər aprelin 5-də başa çatmış və Azərbaycan müdafiə nazirliyi döyüşləri “xoşməramlılıq nümayiş etdirərək birtərəfli qaydada dayandırdığını” bildirmişdi.
Hələ Vyana görüşündən öncə Ermənistan hakim partiyasının mətbuat katibi və parlamentin sədr müavini Eduard Şarmazanov jurnalistlərə bildirmişdi ki, "Azərbaycan Dağlıq Qarabağ xalqına qarşı yeni təcavüz və təxribatlar törətməyəcəyinə dair qarantiyalar verməlidir".
ATƏT-in Minsk qrupunun həmsədri, James Warlick öz rəsmi Twitter səhifəsində prezidentlərin Peterburq görüşünün inam yaratdığını bildirib.
Onun sözlərinə görə Peterburqda keçirilən üçtərəfli görüş “Dağlıq Qarabağ münaqişəsinin sülh ilə rəsmi həlli üçün şərait yaradacaq”.
Görüşdən öncəki vəziyyət
Peterburq görüşü öncəsi Azərbaycan cəbhə bölgəsində çoxsaylı zirehli texnika və artilleriya qurğusundan istifadə etməklə geniş miqyaslı hərbi təlimlərə başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi iyunun 19-dan başlayan operativ-taktiki təlimlərin 2016-cı il üçün hazırlıq planına uyğun keçirildiyini bildirir.
Bəzi siyasi təhlilçilər isə bunu qarşı tərəflə görüş öncəsi "psixoloji təzyiq" kimi qiymətləndirirlər.
Hərbi ekspertlər münaqişənin tammiqyaslı hərbi əməliyyatlara çevrilmək ehtimalının çox da yüksək olmadığını söyləsələr də hər iki ölkənin doktrinalarında istənilən vasitə ilə Dağlıq Qarabağa nəzarət yer alır.
Kimin daha çox silahı var?
Ekspertlər hesab edir ki, hərbi xərclər baxımından Bakı həmişə Yerevandan daha fəal olub və nəticədə Azərbaycan ordusu Ermənistan ordusundan daha yaxşı silahlanıb.
Globalpower.org saytı Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir dəfə yarım çox olaraq qiymətləndirib.
Ümumiyyətlə son illərdə hər iki tərəf fəal şəkildə silahlanmanı həyata keçirir və alınan silahların əhəmiyyətli hissəsi Rusiyadan gətirilir.
Lakin ekspertlərin fikrincə bir çox faktorlar, o cümlədən qoşunların mənəvi durumu və döyüş ruhu nəzərə alınmaqla iki tərəf arasında paritet mövcuddur.
Thomas de Waal hesab edir ki, aprel ayında tərəflər arasında son döyüşlər atəşkəsin kövrək olduğunu və dünyanın ona etinasız yanaşmamalı olduğunu göstərib.
1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib.
BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.




