Serj Sarkisyan: "Azərbaycanlılar heç bir ərazi azad etməyiblər"

Şəklin mənbəyi, president.am
Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.
Onun sözlərinə görə, erməni tərəfi "1994-cü il atəşkəs rejiminə ciddi riayət edilməsi və bütün hərbi birləşmələrin öz kazarmaları və 2016-cı il aprelin 1-ə kimi tutduqları mövqelərinə qayıtmasının tərafdarıdır".
Ancaq o eyni zamanda Azərbaycan ordusunun heç bir ərazi azad etmədiyini bildirib.
"Mən sizi inandırıram ki, azərbaycanlılar heç ərazi azad etməyiblər, və bu anda təmas xəttinin tam uzunluğu boyunca cəmi bir balaca sahə cənubda və bir balaca hissə də şimalda (əminəm ki, bizim bu görüş başa çatanadək o şimaldakı hissə də daha olmaz) – cəmisi 200-300 metr və hər bir metr üçün 1 nəfərdən çox qurban verərək irəli gəliblər,", - Serj Sarkisyan deyib.
Azərbaycan ordusu iki mühüm məntəqəni və yüksəkliyi geri aldığını bəyan edib.
Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya deyib ki, Ermənistan prezidentinin dedikləri "Ermənistan ictimaiyyətini aldatmağa yönəlib".
"Bu, Ermənistan rəhbərliyinin cəbhədəki uğurzuluq fonunda daxili istehlak üçün olan məlumatıdır. Faktlar göz qarşısındadır", nazirlik sözçüsü bildirib.
Azərbaycan Prezidenti ötən həftə sonu keçirdiyi Təhlükəsizlik Şurasının iclasında ordunun mühüm əraziləri geri aldığınə bəyan edib.
"Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq", - <link type="page"><caption> Prezident Əliyev deyib. </caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/04/160403_aliyev_speech" platform="highweb"/></link>
Serj Sarkisyan bildirib ki, erməni tərəfi heç vaxt münaqişənin tənzimlənməsi istiqamətində məntiqi qarşılıqlı güzəştlərdən imtina etməyib.
"Lakin bu barədə yalnız münaqişənin əsl səbəbi həll olunduqdan və Dağlıq Qarabağ Respublikasının yenidən müstəmləkəyə çevrilməsi təhlükəsindən qurtulduqdan sonra danışmağın mənası olar", o deyib.
"Hərbi əməliyyatlar davam etsə və böyük miqyas alsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq", - ATƏT ölkələrinin səfirlərilə görüşü zamanı Sarkisyan deyib.
Azərbaycan XİN sözçüsü bu çıxışa münasibətində bəyan edib ki, Azərbaycanın atəşi birtərəfli qaydada dayandırmaq qərarına baxmayaraq, "Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir".
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası atəşkəsə hazırdır. "Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır", - o əlavə edib.
Serj Sarkisyan deyib: "Atəşkəsin qorunması üçün lazımdır ki, ATƏT stabilləşdirən tədbir kimi ilk növbədə hazırkı şəraitdə atəşkəsin pozulmasının araşdırılması mexanizmlərinin təcili tətbiq edilməsi və Dağlıq Qarabağ münaqişəsi məsələləri üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin monitorinq imkanlarının əhəmiyyətli dərəcədə artırılması təklifləri ilə çıxış etsin".
Onun fikrincə, münaqişə bölgəsində həmçinin atəşkəsin pozulması hallarını qeydə alan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçilərinin sayı artırılmalıdır.
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb və hər iki tərəfdən mülki və hərbi itkilər barədə məlumat verilib.
Bir gün sonra Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bildirsə də, Ermənistan bəyanatın “həqiqətə uyğun olmadığını” deyib.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda döyüşlər 1980-ci illərin sonunda başlayıb və 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra irimiqyaslı müharibəyə çevrilib.
30 minə yaxın insanın ölümünə səbəb olmuş müharibədə 1994-cü ildə tərəflər arasında atəşkəs elan olunub.
Özünü respublika elan etmiş və tanınmayan bu region Ermənistandan hərbi və maliyyə dəstəyi alır.




