Erdoğan: Rusiya aviazərbələr endirərkən sülh danışıqları mənasızdır

Şəklin mənbəyi, Reuters
Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Suriyada Rusiya aviazərbələrinin davam etdiyi bir vaxtda Suriya məsələsilə bağlı sülh danışıqları mənasızdır.
"Rusiya Suriyada insanları öldürməkdə davam edir. Sülh danışıqları barədə söhbət gedə bilərmi?" - Prezident administrasiyasının rəsmi saytında Erdoğanın sözlərindən iqtibas gətirilir.
Bundan əvvəl BMT-nin xüsusi elçisi Staffan de Mistura Suriya böhranı ilə bağlı danışıqlarda fevralın 25-dək fasilə elan edib.
Türkiyə liderinin sözlərinə görə, danışıq iştirakçıları çox güman ki, yekun qərara gələ bilməyəcəklər və onların işində yenidən fasilə yaranacaq.
Suriya hökuməti və müxalifət Cenevrədə sülh danışıqlarının dayandırılmasına görə bir-birini ittiham edib. Rusiya XİN-i bildirir ki, danışıqların dayandırılmasına görə Suriya müxalifəti cavabdehdir. Moskva həmçinin Ər-Riyadı danışıqlar prosesini pozmaq cəhdində təqsirləndirib.
ABŞ nümayəndəsinə əsasən danışıqların dayandırılmasına səbəb Rusiyanın Suriyadakı hərəkətləri olub. Washington bildirir ki, Rusiya aviazərbələri Suriyadakı böhranı daha dərinləşdirib. Kreml bu ittihamları dəfələrlə rədd edib.
