Deputat Kadırovdan üzr istəməsi barədə: söhbət TV üçün olmayıb

Şəklin mənbəyi, Getty

Ramzan Kadırovdan üzr istədiyi deyilən Krasnoyarsk şəhər bələdiyyəsinin deputatı Konstantin Sençenko BBC-ə bildirib ki, üzrxahlığı ilə bağlı televiziya jurnalistləri ilə danışmayıb.

Sençenko ilə söhbət vaxtı yazıldlığı iddia edilən audiomaterial Çeçenistanın "Qroznı ТV" kanalında cümə axşamı efirə verilib.

"Mən dediyim qeyri-korrekt sözlər, təhqirlərə görə Çeçenistan Respublikası başçısına üzrxahlığımı bildirirəm. İndi demək istəyirəm ki, həmin sözlər ölkədəki milli vəziyyətin ciddi, gərgin, mürəkkəb olması ilə bağlı emosional durumda deyilib. Sən bir şeylər etməyə çalışarkən düşmən olduğunu eşidəndə bax belə şeylər baş verir”, efirə gedən materialda söhbət iştirakçısı deyir.

Bundan əvvəl Sençenko müxalifəti “xalq xainlərinə” bənzədən Kadırovu “Rusiyanın üzqarası" adlandırıb.

"Ramzan sən Rusiyanın üzqarasısan. Sən mümkün olan hər şeyi gözdən salmısan. Rusiya Qəhrəmanı adını hörmətdən saldın. Mən oğlanlarımız Çeçenistana döyüşməyə gedərkən burda, Krasnoyarskda onlara kömək topladığımızı xatırlayıram. Sən o dövrlərdə dağlarda gəzir və bizim uşaqları öldürürdün. Onlar indi torpaqda yatır, sən isə Rusiya Qəhrəmanısan”, millət vəkili öz Facebook hesabında yazıb.

BBC-ə müsahibəsində Sençenko “çox hörmət etdiyi” bir şəxslə telefonla danışdığını deyib.

"O mənə tutulan iradları bildirdi, dedi ki, mən Ramzan Kadırov və Çeçenistan Respublikasının başqa adamlarını da incitmişəm. Söhbət əsnasında biz belə bir nəticəyə gəldik ki, siyasi baxışlar və fikir ayrılığından asılı olmayaraq hər şey maksimal dərəcədə korrekt olmalıdır. Həqiqətən də siyasətçilərdən müxalifətə loyal, korrekt münasibət tələb edərkən özün qaba və qeyri-korrekt ola bilməzsən. Mən bununla razıyam və doğrudan da üzr istədim. Mənim postum qaba, siyasətçi üçün o qədər də düzgün deyildi və mən bunu açıq və dürüst bəyan etməyə hazıram”.

Sençenko həmsöhbətinin kim olduğunu deməkdən imtina edib.

"Bu söhbət televiziya üçün olmayıb, o şəxsi söhbət olub”, - Krasnoyarsk şəhərinin millət vəkili deyib.

Sençenko ictimai şəxslərin davranışı barədə sözlərindən imtina etmədiyini bildirir. Onun sözlərinə görə, ölkə daxilində vəziyyəti daha da kəskinləşdirməyə son qoymaq lazımdır, "çünki durum onsuz da çox gərgindir".