Bosfor çəkişməsi: Türkiyə XİN Rusiya səfirini çağırıb

Şəklin mənbəyi, Reuters
Türkiyə İstanbul boğazlarından keçən Rusiya gəmisində əlində səyyar raketatan tutmuş hərbçinin fotolarından sonra Rusiya səfirini çağıraraq ona nota verib.
Türkiyə bu fotoların ötən həftə sonu yayılmasından sonra hiddət ifadə edib.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu insidenti “təxribat” adlandırıb.
Türkiyə mediasında dərc olunmuş fotolarda Rusiya gəmisinin göyərtəsində çiynində səyyar raketatan olan hərbçi görünür.
Rusiya-Türkiyə münasibətləri, Ankara, onun dediyinə görə hava sərhədini pozan Rusiya döyüş təyyarəsini vurandan bəri pisləşib.
Bu hadisə zamanı paraşütlə tullanan Rusiya təyyarəçisi havada ikən güllələnmiş, Moskvanın hiddətinə və Rusiyanın sanksiyalarına səbəb olmuşdu.
Sözü gedən şəkillərdə Bosfor boğazından keçən “Sezar Kunikov” gəmisinin göyərtəsində çiynində səyyar raketatan saxlayan hərbçi görünür.
"Rusiya əsgəri tərəfindən raketin və təyyarələrə qarşı silahların nümayiş etdirilməsi sırf təxribatdır” – deyib cənab Çavuşoğlu”, yazır “Hürriyyet” qəzeti.
İkinci Dünya Müharibəsindən qüvvədə olan sazişə əsasən Türkiyə sülh zamanlarında gəmilərin İstanbuldakı boğazlardan maneəsiz keçməsinə icazə verməlidir.
Boğazlar Rusiyanın Qara dəniz donanmasının gəmiləri üçün Aralıq dənizinə yeganə keçiddir.




