Rusiya Türkiyədən meyvə-tərəvəz və toyuq əti idxalını qadağan edib

Şəklin mənbəyi, AFP
Rusiya hökuməti Türkiyədən idxalı qadağan olunan və ya məhdudlaşdırılan malların tam siyahısını dərc edib.
Bu malların arasında pomidor, sitrus meyvələri, toyuq əti də var. Bununla yanaşı, Türkiyəyə çarter daşımaları qadağan edilir və bu ölkə ilə iqtidsadi əməkdaşlıq barədə danışıqlar dayandırılır.
Rusiyanın baş naziri Dmitri Medvedev tərəfindən imzalanmış və hökumətin rəsmi saytında dərc olunmuş qərarda 2016-cı il, yanvarın 1-dən Rusiyaya gətirilməsi qadağan olunan kənd təsərrüfatı məhsullarının tam bir slıyahısı var.
Bu siyahıya pomidor, soğan və cır soğan, habelə gülkələm, yaşıl gülkələm, xiyar, narıncı, mandarin və başqa sitruslar, alma, üzüm, armud, ərik, şaftalı, tüksüz şaftalı, gavalı və çiyələk daxil edilib.
Eyni zamanda Rusiyaya Türkiyə duzunun, toyuq və hindtoyuğu ətinin idxalı qadağan olunur. Qadağan siyasına hətta qərənfil çiçəkləri də düşüb.
Bu malları Rusiyaya fərdi qaydada və şəxsi istifadə üçün gətirmək olar.
Bundan başqa Rusiya hökuməti 2015-ci il, dekabrın 1-dən Rusiya və Türkiyə arasında bütün çarter daşımalarını dayandırıb. Bura hələ də Türkiyədə qalan Rusiya turistlərini geri gətirəcək reyslər daxil deyil.
Turist agentliklərinə Türkiyəyə səyahət putyovkalarının satılması qadağan edilib.
Bu da xəbər verilir ki, Türkiyədən işçi qüvvəsinin dəvət olunması da məhdudlaşdırılacaq.
Sözü gedən qərar dərc olunduğu andan qüvvəyə minmiş hesab edilir.
Bütün bunlarla yanaşı Rusiya ilə Türkiyə arasındakı qaz sazişləri dəyişməz olaraq qalır. Hazırda Türkiyə Rusiya qazının ikinci böyük alıcısıdır. Türkiyə ehtiyacı olan qazın 60 faizini Rusiyadan idxal edir.
Rusiyanın Su-24 təyyarəsinin Suriya sərhədi üzərində Türkiyə qırıcısı tərəfindən vurulmasının ardınca irəli sürülmüş sanksiyaları Rusiya prezidenti Vladimir Putin imzalayıb.




