Türkiyə-Rusiya qarşıdurmasının hansı riskləri var?

Şəklin mənbəyi, Reuters
Rusiya hərbi təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub salınması Moskva və Ankara arasında söz müharibəsinin qızışmasına səbəb olub.
Məlumatlara görə bu, “Soyuq müharibə”nin sonundan bəri NATO ölkəsinin Rusiya təyyarəsini vurduğu ilk hadisədir - #WWIII həştəqi eskalasiya təhlükəsinin artdığı bir vaxtda hətta Tvitterdə təhlillərə başlayıb.
Əksəriyyət belə dramatik ssenarinin baş verəcəyi ehtimalının son dərəcə az olması ilə razılaşsa da, bu insidentin diqqətdən kənarda qalmayacaq nəticələrinin olacağı şübhəsizdir. Elə isə ən mümkün nəticələr nə ola bilər?
Suriyada əməliyyatlar

Şəklin mənbəyi, mo
Həm Rusiya, həm də Türkiyə Suriyada İD silahlılarına qarşı çıxdıqlarını deyirlər, lakin Moskva prezident Bəşər əl-Əsədi dəstəkləyir, Türkiyə isə ona qarşıdır.
Ankara Suriyada sünnilərin çoxluğa malik olduqları mötədil müxalifət qruplarına dəstək verir, Moskvanın bu qrupları “terrorçu “ hesab etməsini “səhv” adlandırır.
Hər iki ölkə həmçinin bir birini gizli məqsədlərə malik olmaqda ittiham edir. Moskva Ankaranı faktiki olaraq İD silahlılarına dəstək verməkdə ittiham edir. Bu ittiham habelə Türkiyədə cənab Erdoğanın opponentlərinin tənqidləri ilə səsləşir. Onlar prezidenti İD-dən kürd qüvvələrinə qarşı mübarizədə istifadə etməkdə günahlandırırlar.
Türkiyə bildirir ki, Rusiya Suriya türkmənlərinin məskun olduğu sərhəd bölgələrinə hava zərbələri endirir. Türkmənlər türkdilli bir xalq kimi türklərə İD-dən daha yaxındırlar. Moskva və NATO arasında gərginliyin yüksəlişi bəzilərinin (xüsusilə də Fransanın) Rusiyanı Bəşər əl-Əsədə dəstəkdən çəkindirmək cəhdlərinə zərbə vura bilər. Bu, həmçinin terrorizmə qarşı vahid cəbhədən çıxış edilməsinə maneçilik törədir.
Bəzi ekspertlər ehtimal edirlər ki, Rusiya Suriyada apardığı əməliyyatları intensivləşdirə bilər. Türkiyə mediasının verdiyi xəbərə görə, Türkiyənin Suriyaya göndərdiyi humanitar yardımı daşıyan 20 yük maşını artıq Rusiya təyyarələrinin hücumuna məruz qalıb. Lakin Moskva bu barədə hələlik heç bir şərh verməyib və hücumun Rusiya, yoxsa Suriya təyyarələri tərəfindən həyata keçirildiyi bəlli deyil.
Türkiyəyə qaz yoxdur?

Şəklin mənbəyi, EPA
Rusiya (Almaniyadan sonra) Türkiyənin ikinci böyük ticarət partnyorudur. Hərçənd bu ticarətin böyük bir qismini enerji daşıyıcılarının payına düşür. Türkiyə ona lazım olan neftin 35, qazın isə 50 faizdən çoxunu Rusiyadan alır. Türkiyə qazı qonşuları Azərbaycan və İrandan da ala bilər, lakin birincinin resursları, ikincinin isə nəql imkanları məhduddur.
Türkiyə özünün qaza olan ehtiyacının yalnız 1 faizini özü təchiz edir.
Rusiyadan çəkilməsi planlaşdırılan “Türk axını” qaz kəmərinin layihəsi masa üstündədir və Rusiyanın Rosatom dövlət korporasiyası 20 milyard dollarlıq layihə çərçivəsində Türkiyənin ilk atom elektrik stansiyasını tikməlidir.
Daha Rusiya turistləri olmayacaq?

Şəklin mənbəyi, Getty
Türkiyənin dəniz kurortları Rusiya turistləri üçün əsas istiqamətdir.
Rusiya rəsmiləri deyirlər ki, ötən il ərzində Türkiyəyə 3, 2 milyon rusiyalı səfər edib. Onlar yerli iqtisadiyyat üçün böyük gəlir mənbəyidir.
Moskva Misirə bütün təyyarə reyslərini qadağan edəndən sonra, gözləmək olardı ki, Türkiyə turistlər üçün ən sərfəli alternativ olacaq.
Lakin indi Rusiyanın hakimiyyət orqanları Rusiya vətəndaşlarına Türkiyəyə səfərlərdən çəkinməyi tapşırıblar, böyük turist firmaları isə Türkiyəyə putyovlkaların satışını dayandırıblar. Bəziləri artıq rezerv edilmiş səfər paketlərini ləğv ediblər.
Ərzaq müharibələri

Şəklin mənbəyi, Getty
Moskva Avropa İttifaqı və başqa Qərb ölkələrindən alınan ərzaq mallarına avqustun 24-dən sərt embarqo qoyduqdan sonra, Türkiyə ərzağının Rusiyaya ixracı sıçrayışla artmışdı.
Rusiya, ərzaq mallarının idxalına, bundan əvvəllər də baş vermis diplomatik qarşıdurmalar zamanı məhdudiyyətlər qoyub və bunu çox vaxt sağlamlıq və təhlükəsizlik səbəbləri ilə izah edib.
Təyyarənin vurulmasından sonra Rusiyanın kənd təsərrüfatı nəzarətçisi Rosselxoznadzor Türkiyənin ən böyük şirkətlərindən birinin ixrac etdiyi toyuq əti məhsullarına qadağan qoyub. Qurum bunu şirkətin məhsullarında guya qorxulu bakteriyanın aşkar edilməsi ilə əlaqələndirib.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi habelə Türkiyədən alınan malların keyfiyyəti üzərinə yoxlamaları gücləndirib.
Tarixin təftişi
Çərşənbə axşamı Rusiyanın millət vəkilləri 1915-ci ildə baş vermis erməni qətliamının danılmasını qadağan edən qanunun layihəsini təqdim ediblər. Türkiyə bu hadisənin soyqırım olması barədə iddiaya qarşı çıxır.
Rusiya Erməni soyqırımını artıq tanıyıb, lakin bu yeni qanunun qəbul olunması ilə Rusiyada hadisələrə dair Türkiyənin mövqeyinin ifadə edilməsi qanunsuz əməl sayılacaq.



