Ukrayna aviaşirkətlərinə Sinay üzərindən uçuşlar qadağan edilib

Şəklin mənbəyi, RIA Novosti
Ukrayna dövlət aviasiya xidməti ölkənin bütün hava yolları şirkətlərinə Sinay yarımadası üzərindən uçuşlar yerinə yetirməyi qadağan edib.
Müvafiq sərəncam xidmətin saytında dərc olunub.
Aviaşirkətlərə eləcə də Kiprin hava məkanından istifadə qaydalarına dair dəyişikləri izləmək tövsiyyə olunub.
Bundan əvvəl Rusiya aviaşirkətləri Şarm-əl-Şeyx reyslərilə uçan təyyarələrinin marşrutunda dəyişiklik etmişdi.
Bir gün əvvəl Britaniya, təhlükəsizlik məsələlərinə görə Şarm əl-Şeyxə təyyarə uçuşlarının qeyri-müəyyən vaxta təxirə salındığını bildirib.
Oktyabrın 31-də Rusiyanın Kogalymavia şikrətinə məxsus A321 sərnişin təyyarəsi Şarm-əl-Şeyx - Sankt-Peterburq reysilə uçduğu zaman Sinay yarımadası üzərində qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan 224 nəfərin hamısı həlak olub.
A321 təyyarə qəzasının istintaqı davam etməkdədir.




