Britaniya hökuməti: "Şarm əl-Şeyxdən uçuşlar yubadılsın"

Şəklin mənbəyi, Getty images

Misirin Şarm əl-Şeyx şəhərindən Britaniyaya uçuşlar, Rusiya təyyarəsinin "partladıcı qurğu" vasitəsilə vurulması barədə narahatlıqlara görə yubadılır.

Kurort şəhərindən Britaniyaya bütün uçuşlar bu axşam, Britaniya ekspertləri uçuşlar üçün təhlükəsizliyi araşdırana qədər yubadılır, Baş nazirin ofisindən bildiriblər.

Uçuşların dayandırılması hadisə barədə "daha çox məlumat daxil olduqca, önləyici tədbir kimi" həyata keçirilir.

Rusiyanın Airbus 321 təyyarəsi şənbə günü qəzaya uğrayıb və təyyarədəki 224 adamın hamısı ölüb.

"Biz vurğulamaq istəyirik ki, bu, önləyici tədbirdir və hava yolları şirkətilə bu barədə yaxından əməkdaşlıq edirik", Baş Nazirin ofisi Downing street-in sözçüsü bildirib.

Hökumət həmçinin deyib ki, bu qərar hazırda Şarm əl-Şeyxdə olan və ölkəyə qayıtmağı planlaşdıran britaniyalılar üçün "narahatlıq yarada bilər".

Hökumət onlara hava yolları şirkətilə əlaqə saxlamağı məsləhət görüb.

Şarm əl-Şeyx aeroportuna əlavə konsulluq işçiləri göndərilib.

BBC müxbiri Christian Fraser deyir ki, 2000-ə yaxın britaniyalı hazırda Şarm əl-Şeyxdə istirahət edir. İki təyyarə cümə axşamı günü səhər oradan Gatwick aeroportuna uçmalı idi.

Baş nazir David Cameron vəziyyəti müzakirə etmək üçün hökumətin "Cobra" fövqəladə hallar komitəsinin iclasını çağırıb.

Həmçinin oxuyun: <link type="page"><caption> "İslam Dövləti": А321-i vurmuşuq, amma necə vurduğumuzu deməyəcəyik</caption><url href="http://www.bbc.com/azeri/international/2015/11/151104_isis_a321_claim.shtml" platform="highweb"/></link>