İran-Ermənistan arasında iqtisadi əlaqələr "bərpa olunur"

Hovik Abrahamyan İshaq Cahagiri ilə görüşdən sonra deyib ki, Ermənistan İranla Avrasiya Birliyi arasında vasitəçilik edə bilər
Şəklin alt yazısı, Hovik Abrahamyan İshaq Cahagiri ilə görüşdən sonra deyib ki, Ermənistan İranla Avrasiya Birliyi arasında vasitəçilik edə bilər

İran öz nüvə proqramı ilə bağlı Qərblə razılığa gəldikdən sonra Ermənistanla arası kəsilmiş iqtisadi əlaqələri bərpa etməyə başlayır, Yerevana səfəri zamanı İran İslam Respublikası birinci vitse-prezidenti İshaq Cahangiri Yerevanda jurnalistlərə deyib.

2011-ci ildə Ermənistana səfər etmiş İran prezidenti Mahmud Əhmədinejaddan sonra Cənab Cahangiri ölkəyə gələn ən yüksək səviyyəli İran rəsmisidir.

İran birinci vitse-prezidentini səfərdə təxminən 40 nəfərdən ibarət nümayəndə heyəti tərkibində iqtisadiyyat, turizm, mədəniyyət sahələrini təmsil edən nazirlər, idarə başçıları və iş adamları müşayiət edir.

Cənab İshaq Cahangirinin Ermənistan prezidenti, baş naziri, parlament sədri ilə görüşləri oldu və İran-Ermənistan biznes forumunda iştirak edib.

Arası kəsilmiş layihələr

Yerevanda Ermənistan-İran biznes-forumu
Şəklin alt yazısı, Yerevanda Ermənistan-İran biznes-forumu

Ermənistan baş naziri Hovik Abrahamyan İranın birinci vitse-prezidenti ilə danışıqlardan sonra Ermənistan-İran üçüncü yüksəkvoltlu elektrik xəttinin tikintisinin davam etdirilməsi məsələsinin müzakirə olunduğunu bildirib.

Tikinti işləri artıq başlanıb və, cənab Cahangirinin bəyan etdiyinə görə, 2018-ci ildə başa çatacaq.

"Bundan başqa biz İran sərhədi yaxınlığında Ermənistanın Meğri rayonunda su elektrik stansiyasının tikintisi üzrə gələcək planları və sərhədyanı yaşayış məntəqələrində qazbölüşdürücü şəbəkəsi tikintisi proqramının gedişi ilə bağlı məsələləri dəqiqləşdirmişik", - İshaq Cahangiri deyib.

İran nüvə proqramı üzrə Qərb ölkələri və ABŞ-la razılaşma əldə edildikdən sonra Yerevanla Tehran arasında üçüncü yüksəkvoltlu elektrikötürmə xəttin tikintisini bərpa etmək üçün 120 milyon dollar məbləğində saziş imzalanıb.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin 8 ayında Ermənistanla İran arasında ticarət 178 milyon dollar təşkil edib. Bu göstərici üzrə İran Ermənistanın tərəfdaşları Avropa Birliyi, Rusiya və Çindən 4-cü ölkədir.

Dondurulmuş iri layihələrdən biri də Şimal-Cənub yol dəhlizi investisiya proqramı və Ermənistan-İran dəmiryolu layihəsidir.

Cənab Cahangiri ilə görüşdən sonra Ermənistan baş naziri Hovik Abrahamyan Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqlı (AİƏİ) ilə İran arasında “azad ticarət haqqında saziş hazırlanması kontekstində” Ermənistanın üzv olduğu AİƏİ ilə İran arasında "dialoq formalaşmasına" vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Cənab Cahangiri Ermənistanın Avrasiya İttifaqı üzvü olmasının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün “yeni qapı” açdığını deyib.

Qara dənizə çıxış

İran yol və şəhərsalma naziri Abbas Əhmədi İranın Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxmaq istədiyini deyib
Şəklin alt yazısı, İran yol və şəhərsalma naziri Abbas Əhmədi İranın Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxmaq istədiyini deyib

İran Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verir. Bu, Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı verər, Yerevanda biznes-forumdan sonra İran yol və şəhərsalma naziri Abbas Əhməd Axundi jurnalistlərə deyib.

"Bu, dənizə çıxışı olmayan Ermənistan üçün də vacibdir, Ermənistan bu dəhlizdən Fars körfəzinə çıxmaq üçün istifadə edə bilər. Biz isə Ermənistan və Gürcüstan ərazisi ilə Qara dənizə çıxış əldə edərik", - İran naziri bəyan edib.

Lakin bu layihəni gerçəkləşdirmək üçün dörd ölkə – Ermənistan, İran, Gürcüstan və Bolqarıstan – arasında əməkdaşlıq haqqında razılıq əldə edilməlidir

Ermənistanın xüsusilə maraqlı olduğu dəmir yolunun tikintisi məsələsi yeni seçilmiş prezident Serj Sarkisyanın seçki proqramlarından biridir və 2008-ci ildən gündəmə gətirilib. Lakin bugünədək bu, 3,2 milyard dollar dəyərləndirilən “strateji layihənin” maliyyələşdirmə məsələsi həll olunmayıb.

Bu yaxınlarda Çinə səfərindən sonra baş nazir Hovik Abrahamyan Pekinin pul verməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Çin tərəfi İran-Ermənistan dəmir yolunun səmərəliliyi məsələsini öyrəndikdən sonra layihə üçün pul ayırmağı vəd edib.

İran öz tərəfində dəmir yolunun Culfaya qədər işlədiyini və yalnız Ermənistanın Meğri məntəqəsinə kimi 60 kilometrlik hissəsinin təmirə ehtiyac olduğunu bildirir. Yolun böyük hissəsi Ermənistan ərazisində təmir və ya yenidən tikilməlidir. Lakin erməni tərəfi əmin olmaq istəyir ki, bu işə başlasa, İran öz ərazisində işi başa vurar.

“Biz erməni tərəfi əmin etmişik ki, dəmir yolunun tikintisi üçün tələb olunan 3 milyard dollar investisiyanın üçdə biri gerçəkləşdirilərsə, biz İran hissəsini çox tez tikərik”, - İran yol və şəhərsalma naziri jurnalistlərə deyib.