Türkiyə paytaxtında partlayışlar nəticəsində ölənlərin sayı 80-dən çoxdur

Türkiyə paytaxtı Ankarada keçirilən dinc aksiya zamanı baş vermiş iki partlayış nəticəsində ən azı 86 nəfər həlak olub, rəsmilər bildirib.

186 nəfərinsə yaralandığı bildirilir.

Televiziya vasitəsilə hadisənin baş verdiyi ərazidə təşvişin olduğu və insanların qan içində yerə uzandığı nümayiş etdirilib.

Partlayışlar şəhərin mərkəzi dəmiryol stansiyası yaxınlığında baş verib.

Hücum müasit Türkiyə tarixində ən ölümcülü hesab edilir.

Türkiyə baş naziri Ahmet Davutoğlu üç günlük ümummilli matəm elan edib. Onun sözlərinə görə, hadisəni iki intihar bombaçısının həyata keçirməsinə dair sübutlar var.

Prezident Recep Tayyip Erdoğan bildirib ki, parlament seçkilərindən bir neçə həftə öncə baş vermiş hücum, terror aktıdır və “ürək bulandırır”.

HDP partiyasının lideri hücuma görə hakimiyyəti günahlandırıb və seçkiqabağı bütün yürüşləri təxirə salıb.

Partiyanın yaydığı bəyanatda deyilir ki, onun üzvləri partlayışın əsas hədəfi olub.

Türkiyədə gələn ay parlament seçkilərinin keçirilməsi planlaşdırılır.

BBC Türkçe müxbiri Sinan Onuş bildirib ki, mitinqin başlamasına çox az qalmış iki böyük partlayış baş verib

Şəklin mənbəyi, Sinan Onus

Şəklin alt yazısı, BBC Türkçe müxbiri Sinan Onuş bildirib ki, mitinqin başlamasına çox az qalmış iki böyük partlayış baş verib

“Yerli vaxtla səhər saat 10 radələrində, mitinqin başlamasına çox az qalmış Ankara dəmiryol vağzalının önündə HDP və ESP kortejinin olduğu yerdə ard-arda çox böyük iki partlayış oldu,” BBC Türkçe müxbiri Sinan Onuş hadisə yerindən xəbər verib.

Ən azı 186 nəfərin yaralandığı bildirilir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ən azı 186 nəfərin yaralandığı bildirilir

“Ətrafda cəsəd parçaları görünür. Saat 10-dan bu yana ambulans, taksi və ayrı ayrı vətəndaşlar maşınları ilə yaralıları xəstəxanalara aparır,” müxbirimiz əlavə edib.

Yürüşdə iştirak edən Bulent Tekdemir BBC-ə bildirib ki, “bomba partlayışından dərhal sonra”, polis gözyaşardıcı qazdan istifadə edib və “təcili yardım maşınlarını hadisə yerinə buraxmayıb”.

Yerli sakin Emre bildirib ki, o, iki partlayış səsi eşidib və bundan sonra yerə uzanmış cəsədləri görüb. "Acıqlı insanlar polis maşınlarına hücuma cəhd edib," o BBC-ə bildirib.

Sosial mediada yayılmış şəkillərdən hadisə yerində çoxlu cəsədlərin olduğu görünür.

Partlayışların kürd separatçı qruplaşması olan PKK ilə zorakılığa son çağırışı edən dinc yürüş zamanı həyata keçirildiyi bildirilir.

Şənbə günü “sülh və demokratiya naminə” keçirilən yürüşü təşkil edənlarin arasında kürdpərəst HDP partiyası da var.

HDP-nin iyun ayında Diyarbarkır şəhərində keçirdiyi yürüş zamanı da bomba partlayışı olmuşdu.