Rusiya Suriyaya hava zərbələri endirib

Rusiya hərbi aviasiyasını Suriyaya göndərib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusiya hərbi aviasiyasını Suriyaya göndərib

Rusiya hərbiyyəsi Suriyadakı hədəflərə havadan ilk zərbələr endirib.

Rusiya müdafiə rəsmilərinin bildirdiyinə görə, hava zərbələri İslam Dövləti (İD) qruplaşmasını hədəf alıb, lakin adı açıqlanmayan ABŞ rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, onların hələ İD nəzarətində olan əraziləri bombalaması qeydə alınmayıb.

ABŞ rəsmilərinə görə, Rusiya, güman edildiyi kimi, Suriyada prezident Bəşər əl-Əsədin opponentlərinə havadan zərbələr endirməyə başlayıb.

Onlar zərbələrin Homs şəhəri yerləşən əraziyə vurulduğunu bildirərək Vaşinqtonun əvvəlcədən bu barədə məlumatlandırıldığını qeyd edib.

Bundan əvvəl, prezident Əsədin xahişilə Rusiya hərbi aviasiyasının Suriyaya yollandığı xəbəri yayılmışdı.

Bu qərar Rusiya parlamentinin yuxarı palatasının icazəsilə qəbul edilmişdi.

Prezident Vladimir Putin Federasiya Şurasından ordunun Suriyada istifadəsinə icazə istədikdən sonra Rusiya parlamentinin yuxarı palatası prezidentin müraciətini təmin edib.

Prezident adnimistrasiyasının rəhbəri Sergey İvanovun bildirdiyinə görə, Suriya prezidenti Bəşər əl-Əsəd cənab Putinə müraciət edərək hərbi dəstək xahiş etmişdi.

"Söhbət yalnız İD ekstremist qruplaşması əleyhinə Suriya ordusunun əməliyyatlarına Rusiya hərbi qüvvələrinin dəstəyindən gedir", cənab İvanov əlavə edib.

Federasiya Şurası buna icazə verməyə yekdilliklə səs verib.

Senatorlar bu məsələyə mətbuat üçün bağlı qapılar rejimində baxıblar.

Konstitusiyaya əsasən, Rusiya Federasiyası ordusunun xaricdə istifadə olunması barədə qərar parlamentin yuxarı palatası tərəfindən verilə bilər.

Bu barədə təklifi isə hökumət başçısı tərəfindən irəli sürülür.

2014-cü ilin mart ayında Federasiya Şurası yekdilliklə səs verərək Prezidentin Ukraynada silahlı qüvvələrdən istifadə etmək təklifini dəstəkləmişdi. Nəticədə Rusiya Krımı ilhaq etmişdi.

Sentyabr ayının ortasında Amerika ordusu bildirib ki, onlarda olan məlumata görə, Bəşər əl-Əsədin istehkamı olan Latakiya şəhərində Rusiya hərbi bazasını qurur.

İnterfax agentliyinin məlumatına görə, Bağdadda Rusiya, Suriya, İraq və İran hərbi nümayəndələrinin iştirakı ilə İD qruplaşmasına qarşı mübarizənin informasiya əlaqələndirilməsi üzrə mərkəz artıq fəaliyyət göstərməyə başlayıb.