İki oğlan Moskvada əl-ələ gəzişəndə ... nə baş verir?

ChebuRussiaTV tərəfindən Youtube-də dərc olunmuş videoya 3 milyon dəfədən çox baxılıb.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, ChebuRussiaTV tərəfindən Youtube-də dərc olunmuş videoya 3 milyon dəfədən çox baxılıb.

Moskvanın mərkəzində zahirən geyəbənzər iki gəncin əl-ələ tutaraq gəzişdiyini və bu zaman təhqirlərə məruz qaldıqlarını göstərən video qlobal sosial şəbəkələrdə sürətlə yayılıb.

Sosial təcrubə keçirmək məqsədilə çəkilmiş bu yarızarafat videoda əl-ələ gəzişən gənclər ətrafdakıların təhqirli, bəzən aqressiv hərəkətlərlə müşaiyət edilən reaksiyası ilə qarşılaşıblar.

Beynəlxalq gey hüquqları fəalları Rusiya siyasətinə, o cümlədən Soçi Qış Olimpiadası günlərində də, etiraz bildirmək üçün, tez-tez internetin imkanlarından istifadə edirlər.

Lakin bu dəfəki videonun gey fəalları ilə əlaqəsi yoxdur: rusdilli Youtube–da videonu dəcəl hərəkətlərilə tanınan gənclər yerləşdirib.

ChebuRussiaTV qrupu tərəfindən çəkilmiş bu video bazar günü Youtube-da dərc edildiyi andan ona 3 milyon dəfədən çox baxılıb.

"Ətrafdakıların reaksiyası məni şoka saldı…Hər 5 dəqiqədən bir təhqir gəlirdi", film müəlliflərindən biri Nikita Rojdesev BBC Trending-ə deyib. "Bu dərəcədə çox sayda adamın bu videoya baxacağını bilmirdik, amma bilirdik ki, abunəçilərimiz üçün video maraqlı olacaq".

Rojdesev-in sözlərinə görə, çəkiliş 2-3 saat davam edib və turistlərin gur olduğu Moskvanın məkəzi küçə və meydanlarında aparılıb.

Real həyatda nə gey, nə də cütlük olan iki gənc videoda göründüyü kimi əl-ələ tutaraq Qırmızı meydanı da gəziblər.

Bu video ətrafında, əsasən, rusdilli internetdə qızğın debatlar başlayıb.

20,000-dən çox adam YouTube videosununa şərh yazıb, sosial şəbəkələrə diskussiya yayılıb.

“Əla videodur!!!))) Məsləhət görürəm," Moskavada yaşayan Twitter istifadəçisi yazıb.

Daha bir rusdilli istifadəçi isə hesab edir ki, "Rusiya faşist ölkəsidir".

Lakin digərləri filmi həm ideyasına görə, həm də gey hüquqları ilə bağlı kəskin tənqid ediblər.

"Geylik problem deyil. Rusiyada homofobiya problemi yoxdur. Problem – gey təbliğatının olmasındadır", Arseni Dmitriyev adlı istifadəçi yazıb.

"Rusiya axırda, uşaq valideynlərini "nömrə bir və nömrə iki" yox - "ata-ana" deyərək çağıra bilən, yeganə ölkə olaraq qalacaq", YouTube-da daha bir istifadəçi yazıb.

ChebuRussiaTV Moskvada yerləşən zarafatcıl videoroliklər çəkən kanaldır.

Bu kanalı 5 nəfər dostdan ibarət qrup yaradıb.

Onlar yarızarafat videolar çəkməklə yanaşı, Ukrayna böhranı ilə bağlı rəy sorğusu və Rusiyada veteranların vəziyyətinə dair ciddi mövzulardan da qaçmırlar.

Videoların çoxu rus dilindədir, lakin sonuncu video sürətlə populyarlaşdığından, ona ingilis dilində də subtitrlər əlavə olunub.

Bu video nəinki Rusiyada, eyni zamanada YouTube-un ABŞ, Fransa və Avstraliya seqmentlərində də ən çox baxılan "Top10" videolar siyahısına düşüb.

"Biz sadəcə kliklər üçün bu videonu çəkməmişik", Nikita Rojdesev qeyd edib.

Bu qrup Rusiyada gey hüquqlarını müdafiə edir.

"Rusiyada insanların bu məsələyə belə münasibəti təəssüf doğurur”, Rojdesev deyir.

BBC reportyorları Iain Lee və Justin Dealey Luton şəhərində Moskvadakına bənzər təcrübə keçiriblər.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, BBC reportyorları Iain Lee və Justin Dealey Luton şəhərində Moskvadakına bənzər təcrübə keçiriblər.

“Sosial təcrübələr" yolu ilə müəyyən olunub kı, homofobiya zəminində təhqiredici hallar təkcə Rusiya fenomeni deyil.

Ötən il Nyu Yorkda bənzər şərtlərlə çəkilmiş videoda da oxşar nəticələr alınmışdı.

Bu ilin əvvəlində BBC reportyorları Iain Lee və Justin Dealey təcrübə keçirmək məqsədilə əl-ələ tutaraq İngiltərənin Luton şəhərində küçə gəzintisinə çıxmışdılar.

Həmin təcrübələrin nəticəsi Rusiyadakı təcrübənin nəticəsinə bənzər olmuşdu, düzdür, aqressiya dərəcəsi Rusiya videosunda qeydə alındığı dərəcədə olmamışdı.