Qızıl meydanda Rusiyanın ən yeni tankının mühərriki yatıb

Şəklin mənbəyi, AP

Moskvadakı Qızıl meydanda Qələbə paradına təlim gedişatında Rusiyanın yeni “Armata” Т-14 tankının mühərriki yatıb, hadisənin şahidləri bildirirlər.

Sosial şəbəkələrdəki şəkillərdə tankı çəkib aparmaq üçün ona trosun bağlanıldığını görmək olar.

Lakin təlim zamanı meydanda hərəkətsiz qalan tank daha sonra özü hərəkət edərək ərazidən çəkilib.

Meydandakı olayı şərh edən diktor hadisəni vurulmuş texnikanın evakuasiyası üzrə təlim kimi təsvir etmişdir.

Olaydan sonra isə "Uralavaqonzavod" şirkətinin direktor müavini Aleksey Jariç mühərrikin sönməsini sürücünün həyəcanlanması və "texnikanın yeni və mürəkkəb" olması ilə izah edib.

Bu fikrə hərbi ekspert Viktor Muraxovski də şərik çıxır. O, mühərrikin mexanikin səhvi nəticəsində söndüyünü güman edir.

Eskpertin sözlərinə görə "Armatını" istehsal edən "Uralavaqonzavod" nümayəndəsi tanka oturan kimi onu yerindən tərpədə bilir.

"Аrmata" T-14 tankı Moskvada 9 May günü ilə bağlı paradda göstəriləcək yeni hərbi texnika nümunələrindən biridir.