Ermənistan: parlamentin sayca ikinci fraksiyası boykot elan edib

Şəklin mənbəyi, BBC World Service
Firavan Ermənistan Partiyasının parlament fraksiyası elan edib ki, Milli Məclisin cari həftənin dördgünlük sessiyasını boykot etmək niyyətindədir.
FEP üzvlərinin iclas zalını tərk etməsindən əvvəl fraksiyanın katibi Naira Zorabyan bəyan edib ki, “ölkədə hökm sürən görünməmiş daxili siyasi vəziyyəti nəzərə alaraq”, FEP fraksiyası parlament dördgünlüyünü boykot edir.
“Yaxın günlər fraksiya dəqiq izahatla çıxış edib, öz mövqeyi və gələcək addımlarını ictimaiyyətə və tərəfdaşlarına təqdim edəcək”, - xanım Naira Zohrabyan əlavə edib.
İclas zalından çıxan FEP millət vəkilləri jurnalistlərə təmasdan imtina ediblər.
Prezident Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyası nümayəndələri FEP lideri Qaqik Tsarukyanın siyasətdən kənar edilməsi prosesinə başlayıblar.
Təxminən iki həftə bundan əvvəl Serj Sarkisyan hakim partiyanın idarə heyətinin yığıncağında Qaqik Tsarukyanı bir siyasi xadim kimi “Ermənistan üçün bəla” adlandırıb, daha sonra isə Milli Təhlükəsizlik Şurası üzvü vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bunun cavabında FEP Siyasi Şurası partiyanın müxalif tərəfdaşları - Erməni Milli Konqresi və İrs partiyaları - ilə birlikdə “Sarkisyan hakimiyyətindən təcili azad olmaq” məqsədilə mitinq və başqa kütləvi <link type="page"><caption> aksiyalar keçirməyə</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2015/02/150217_armenia_opposition_strikes" platform="highweb"/></link> başladığını elan etdi.
Lakin sabahısı gün Serj Sarkisyanla prezident sarayında görüşdən sonra Tsarukyan mitinqin keçirilməyəcəyini bəyan etdi.
Sarkisyan-Tsarukyan “barışığı” elan edildiyinə baxmayaraq, hakim partiyanın funksionerləri, qanunvericiliyə əsasən, biznesmenə siyasətlə məşğul olmağa icazə verilmədiyini xatırlamağa başlayıblar.
“Yeri gəlmişkən, hər adam öz işi ilə məşğul olmalıdır, və mən biznesin siyasətdən ayrılmasının tərəfdarıyam”, - hakim Respublikaçılar Partiyası parlament fraksiyasını rəhbəri Vahram Bağdasaryan jurnalistlərə deyib.
Lakin yerli KİV-lər iddia edir ki, Ermənistan Milli Məclisində ən çox və ən iri biznes sahibləri, eləcə də “savad və təhsilləri ilə heç də seçilməyən” millət vəkillləri məhz Respublikaçılar fraksiyasında təmsil olunur.





