Ermənistan: Nüfuzlu oliqarx hakimiyyət əleyhinə mitinqlərə səsləyib

republican_rarty_meeting

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Serj Sarkisyan rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Siyasi Şurasının iclasında nitqini bütövleklə Qaqik Tsarukyanın tənqidinə həsr edib

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan parlamentində sayca ikinci siyasi fraksiyanın lideri, Milli Təhlükəsizlik Şurasının üzvü Qaqik Tsarukyanı “bir siyasi xadim kimi ölkə üçün bəla” adlandırıb və onun ictimai və siyasi fəaliyyətinə qarşı tədbirlər görüləcəyini bəyan edib.

Cümə axşamı rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Siyasi Şurasının iclasında prezident Sarkisyan Firavan Ermənistan Partiyasının (FEP) sədri Qaqik Tsarukyanın ünvanına tənqidi və təhqiranə çıxışından sonra onun Milli Təhlükəsizlik Şurasından azad edilməsi haqqında fərman imzalayıb.

“Ölkənin ali təhlükəsizlik orqanı teatr deyil ki, kefin istədiyi vaxt baş çəkəsən”, - Sarkisyan deyib.

Sarkisyan Tsarukyanın siyasətdə peyda olmasında “öz səhlənkarlığı üçün” üzr istəyib və səhvini düzəltməyi vəd edib.

“Siyasi xadim Qaqik Tsarukyan ölkəmiz üçün bir bəla olub. Və bu təbiidir. Siyasi prosesə qatılmaq üçün kifayət qədər mexanizmə malik, lakin zəif intellektual qabiliyyətli şəxs inkişafın tormozuna çevrilir... Səhvi təmiz, kökündən və tez düzəltmək lazımdır”, - Serj Sarkisyan bəyan edib.

Cümə günü, prezident Sarkisyanın Tsarukyana qarşı bəyanatlarından sonra FEP Siyasi Şurasının iclasında Qaqik Tsarukyan artıq ölkədə yaranmış vəziyyətdən yeganə çıxış yolunu “növbədənkənar prezident seçkiləri vasitəsilə tam hakimiyyət dəyişikliyində” gördüyünü bəyan edib.

Sarkisyan Tsarukyanın deputatlıq fəaliyyətindən də məhrum etmək niyyətini gizlətməyib: “2013-2014-cü illərdə Qaqik Tsarukyan Milli Məclisin 145 iclasından cəmisi dördündə iştitak edib. Əgər o, öz seçicilərini, parlamentin rolunu heç nə hesab edir... bizim deputatlar sabahdan bu mənasız vəziyyəti düzəlmək üçün lazımi addımlar atarlar”.

“Vergidən yayınma və başqa cinayətlər...”

Ermənistan prezidenti Qaqik Tsarukyanın biznes fəaliyyətinə də “diqqət yetirməyə çağırıb”.

“İllər boyu büdcəyə ödənilməmiş, təqaüdçülərə və gənclərə çatacaq, lakin müxtəlif “xeyriyyəçilik” tədbirlərinə sərf olunan milyardlarla dram haqqında məlumatlar yoxlanılmamış qalır”, - deyə Sarkisyan baş nazir Hovik Abrahamyanı məlumatları yoxlamaq üçün müvafiq idarələrə tapşırıq verməyi tapşırıb. Ermənistanın baş naziri Abrahamyan Qaqik Tsarukyanın qudasıdır.

Sarkisyan Tsarukyanın yalnız bir vəzifəsində - Ermənistan Olimpiya Komitəsinin prezidenti kimi “törətdiyi cinayətlərini” qeyd etməyib.

Cümə günü çağırdığı Təhlükəsizlik Şurasının iclasında Serj Sarkisyan hüquq-mühafizə orqanları ilə Tsarukyan tərəfindən “müxtəlif cinayətlərin məharətlə gizlədilməsi mexanizmləri barədə məlumatların yoxlanılmasına” diqqət yetiriləcəyini bildirib.

“Çıxış yolu – növbədənkənar prezident seçkiləri”

gagik_tsarukyan_meeting

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Qaqik Tsarukyan son illər iştirak etməyə başladığı mitinqlərdə heç vaxt açıq və birmənalı hakimiyyət dəyişikliyinə çağırmayıb

Ermənistanın ən uğurlu sahibkarlarından biri Qaqik Tsarukyanın partiyasının müxalif Erməni Milli Konqresi və Jaranqutyun (İrs) partiyaları ilə “qeyri-iqtidar üçlüyə” belə qatılmasına və bir neçə birgə mitinq keçirdiklərinə baxmayaraq, Firavan Ermənistanın mövcud hakimiyyətə qarşı çıxacağı çoxlarına şübhəli görünürdü.

Lakin fevralın 5-də “üçlüyün” konfransı zamanı xeyriyyəçiliyi ilə əhali arasında böyük nüfuz qazanmış Tsarukyan xəbərdar etdi ki, iqtidarın kiçik bir səhvi “Ermənistan vətəndaşlarını küçəyə çıxarar”. Onun sözlərinə görə, Gümridə ailə üzvlərinin qətlə yetirilməsi, qiymətlərin artması, maliyyə bazarının sabitsizliyi “güclü ictimai partlayışa səbəb” ola bilər.

Tsarukyan artıq mövcud iqtidarın qeyri-legitimliyinə işarə edir, “yeni seçkilər nəticəsində xalqın legitim mandatına layiq yeni hakimiyyət“ formalaşdırmaqdan danışırdı.

Tsarukyan bilir ki, Serj Sarkisyanın “göstəriş səciyyəli nitqindən sonra” o, bütün fəaliyyət sahələrində təqiblərə məruz qalacaq.

Tsarukyan “bütün qanuni vasitələrlə”, o cümlədən aramsız mitinq, yürüş və nümayişlərlə Serj Sarkisyanın istefasına nail olmaq və “bu hakimiyyətdən” azad olmaq üçün “ümumxalq səfərbərliyinə” çağırıb.

“Mübarizəyə hazırlaşın! Küçəyə 3000 adam çıxanda onlar [hakimiyyət] qanunları dəyişməyə məcbur olur. Bütün xalq çıxsa – hakimiyyət dəyişikliyi baş tutar. Bu hakimiyyət getməlidir, və biz tariximizin bu rüsvayçı və şərəfsiz səhifəsini örtməliyik”, - Tsarukyan deyib.

FEP konfransında Erməni Milli Konqresin rəhbəri, sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan və Jaranqutyun Partiyasının sədri, sabiq xarici işlər naziri Raffi Hovhannisyan iştirak ediblər.