Ermənistan prezidenti Türkiyə-Ermənistan protokollarını “geri çağırır”

Şəklin mənbəyi, BBC World Service
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması haqqında protokolları parlamentdən geri çağırmaq qərarına gəlib, Sarkisyanın Ermənistan Milli Məclisinin sədrinə müraciətində deyilir.
Ermənistan prezidenti bunun səbəbini protokolların imzalandığı vaxtdan bəri keçən təxminən 6 il ərzində Türkiyə tərəfinin sənədlərin qüvvəyə minməsi üçün “siyasi iradə” göstərməməsi ilə izah edir.
Sarkisyan Ermənistan parlament sədrinə məktubunda “Türkiyə hakimiyyətinin iradəsizliyi, protokolların məğzi-məzmununun təhrif etməsi və daima qeyd şərtlər irəli sürdüyünü” qeyd edir.
“Bununla bərabər, erməni soyqırımının 100 illiyi ərəfəsində tarixin inkarı və redaktə edilməsi siyasəti yeni qüvvə ilə baş alır [Türkiyədə]. Məsələnin həllinin vacibliyi barədə mən dəfələrlə, o cümlədən, 2014-cü il sentyabr ayında BMT Baş Assambleyası tribunasından demişəm”, - deyə Sarkisyan Türkiyənin bu çağırışları “eşitməzliyə” vurduğunu yazır.
Eyni zamanda Serj Sarkisyan rəsmi Yerevanın Ermənistan-Türkiyə protokollarının imzalandığı vaxtdan sənədlərin qüvvəyə minməsi məsələsində “daima ardıcıl mövqedən” çıxış etdiyini vurğulayır.
Sarkisyan Ermənistan tərəfinin Türkiyə ilə qeyd-şərtsiz münasibətləri normallaşdırmaq prosesinə hazır olduğunu, lakin sənədlərin “ratifikasiyasının baş tutmamasına da hazır” olduğunu bildirir.
“Bizdə gizlədiləsi bir şey olmayıb, çünki beynəlxalq birliyə konkret hansı tərəfin günahı ucbatından Avropada son bağlı sərhədin açılmaması və imkanın əldən buraxılması aydın olardı”, - Sarkisyan qeyd edir.
“Odur ki, mən “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlər yaratmaq” və “Er ilə TR arasında münasibətlərin inkişaf etdirilməsi haqqında” 10 oktyabr 2009-cu ildə Sürixdə imzalanmış protokolların geri çağırılması qərarını qəbul etmişəm”, - məktubda deyilir.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi Ermənistan prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlanıb.
Ermənistan-Türkiyə protokolları 10 oktyabr 2009-cu ildə Sürixdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və o zaman Türkiyə xarici işlər naziri Ahmed Davutoğlu imzalayıblar.
Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasında sərhəd isə 1993-cü ildə Türkiyə tərəfinin təşəbbüsü ilə bağlanıb.
Ölkələr arasında münasibətlərin mürəkkəbliyi Ankaranın Qarabağ məsələsində birmənalı Azərbaycanın mövqeyini müdafiə etməsi və erməni tərəfinin “soyqırım” kimi təqdir edib beynəlxalq səviyyədə tanınmasına çalışdığı 1915-ci il Osmanlı Türkiyə hadisələri ilə bağlı biri-birinə zidd münasibətlərindən irəli gəlir.




