Türkiyə: trasgenderlər üçün ilk sığınacaq açılır

2014-cü ildə İstanbulda keçən Trans Pride yürüşü işçi haqlarının yaxşılaşdırılmasını tələb edən yüzlərlə iştirakçını cəlb edib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2014-cü ildə İstanbulda keçən Trans Pride yürüşü işçi haqlarının yaxşılaşdırılmasını tələb edən yüzlərlə iştirakçını cəlb edib.

Türkiyədəki trasgenderlər üçün ilk sığınacağın İstanbul şəhərində açıldığı xəbər verilir.

Sığınacağın maliyyələşdirilməsi ianələr hesabına həyata keçirilib, Radikal saytına danışan layihənin təsisçisi Öykü Ay bildirir.

Transgender olan xanım Ay özünü mömin müsəlman kimi təsvir edir və başqa trangenderlərə dəstək vermək üçün sığınacaq yaratmaq qənaətinə gəldiyini bildirir.

İş tapmaqda çətinliklərə rast gələn bir çox transgenderlərin seks sənayesinə üz tutduğu deyilir.

"Mən təmizləmə işilə məşğul olmaq istəyirdim, onlar isə yox dedilər. Aşpazlıq etmək istədim, onlar yox dedilər", xanım Ay Radikal saytına deyib. "Küçələri süpürmək istəyirdim - yenə də yox cavabını aldım".

Sığınacaq layihəsini maliyyələşdirmək üçün keçirilən bir çox tədbirlər arasında 44 000 lira (15 000 AZN) gəlir gətirən transgender moda şousu da təşkil olunub.

"Həmin gecə mən ağladım, hər şey möhtəşəm idi", - deyən xanım Ay sığınacağın gələcəkdə genişlənməsinə ümid etdiyini bildirir.

Fəallara görə, transgenderlər Türkiyədə marginal vəziyyətdə qalırlar. Onlardan çoxu seks işçisi olmaqdan başqa yolu tutmaq imkanından məhrumdur.

Transgender Europe qeyri-kommersiya təşkilatının araşdırmasına əsasən 2008 və 2014-cü illər arasında Türkiyədə 37 transgenderin qətlə yetirildiyi xəbər verilib. Bu, Avropa ölkələri arasında ən böyük göstəricidir.

2014-cü ildə təsdiq edilən yeni qanunlar başqa amillərlə yanaşı dini və irqi zəmində ayrıseçkiliyi yasaqlayır, hərçənd ki, həmin qanunvericilikdə seksual orientasiya və gender mənsubiyyəti qeyd olunmur.

Material BBC Monitoring tərəfindən hazırlanıb.