Ermənistanda 6 nəfərin qətlində günahlandırılan Rusiya əsgəri tutulub

gyumri_russ_base_arm_police

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hadisə yerinə Ermənistan Polisi və 102-ci Rusiya hərbi bazasının rəhbərliyi toplaşıb. (Şəklin müəllifi - Levon Barseğyan, Gümri jurnalistlər birliyinin rəhbəri)

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının axtarışda olan hərbçisi Valeri Permyakov yanvarın 13-nə keçən gecə Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanılıb.

Ermənistan Polisinin İctimai Əlaqələr İdarəsinin rəhbəri Aşot Aharonyan Permyakovun Türkiyə tərəfinə keçməyə cəhd etdiyi zaman yaxalandığını deyib.

Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Gümri şəhərində bir ailənin 6 üzvünü qətlə yetirməkdə ittiham olunur. Bazar ertəsi Ermənistan Polisi onun barəsində axtarış elan edib.

İstintaq orqanlarının ilkin məlumatına görə, bazar ertəsi saat 6:30 radələrində Gümri şəhər sakinləri Avetisyan ailəsinin 6 üzvü öldürülüb.

Hadisə yerində 54 yaşlı ailə başçısı Seryoja Avetisyan, onun arvadı, oğlu ilə gəlini və iki uşaq (biri 2 yaşında) meyiti aşkar edilib.

Ailə üzvlərindən ən kiçiyi, Seryoja Avetisyanın 6 aylıq oğlan nəvəsi sağ qalıb. Uşaq iti alətlə qarın nahiyəsindən yaralanıb və cərrahiyə əməliyyatından sonra onun vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Hadisə yerində Ermənistan prokurorluğunun əməkdaşları və Gümridə yerləşən 102-ci Rusiya hərbi bazasının nümayəndələri işləyir.

İlkin məlumatlara görə, cinayəti törətməkdə Rusiya hərbi bazasında xidmət keçən və hadisədən qabaq hərbi hissədən “qaçmış” Valeri Pavloviç Permyakov şübhəli bilinir.

Hadisə yerində Kalaşnikov tipli avtomat, 5,45 mm çaplı avtomat patronları, bir ədəd dolu, bir ədəd içində 1 güllə qalmış avtomat darağı və üzərində əsgərin ad-soyadı yazılmış bir cüt botinka aşkar edilib. Burada Permyakovun hərbi paltarını dəyişdiyi ehtimal olunur, jurnalistlərə axtarış əməliyyatına rəhbərlik edən Ermənistan Polis rəisinin müavini Hunan Poğosyan deyib.

valery_permyakov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ermənistan polisi 102-ci Rusiya bazasının hərbçisi Valeri Permyakov barəsində axtarış elan edib

Ermənistan polisi Valeri Permyakov barəsində axtarış elan edib və onun öz saytında onun şəklini çap edib.

Gümri şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin girəcəklərində silahlı polis postları qurulub. Məktəblərdə dərslər təxirə salınıb, məktəb binalarında da polis əməkdaşları növbətçilik təşkil edib.