Xədicə İsmayılın evində axtarış aparılır

Şəklin mənbəyi, Getty
İntihar həddinə çatdırma maddəsi ilə məhkəməyə qədər həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın evində axtarış aparılır.
“Səhər saat 9-dan prokurorluq əməkdaşları Xədicənin evinə gəlib. Vəkil Elton Quliyev gəldikdən sonra evdə axtarış başlayıb. Axtarışda onun qardaşı, anası, bacısı qızı və 5-6 prokurorluq işçisi iştirak edir”, - jurnalist Əfqan Muxtarlı BBC Azərbaycancaya deyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, jurnalistin evində axtarış “məhkəmənin müvafiq qərarı əsasında” və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən aparılır.
Muxtarlının sözlərinə görə, hal şahidləri və jurnalistin yaxınları arasında “mübahisə yaranıb”.
“Bəzi adamlar qonşu adı ilə hal şahidliyi etmək istəyirdilər. Amma Xədicənin anası onları tanımadığını bildirdi. Amma onların istədikləri adamların hamısı içəri buraxılmadı”, o bildirib.
Jurnalist deyib ki, dekabrın 5-də məhkəmə barəsində həbs qətimkan tədbiri seçilən jurnalist gecəni Nərimanovda müvəqqəti istintaq təcridxanasında keçirdikdən sonra bu gün səhər Bakı İstintaq Təcridxanasına aparıldığını öz gözləri ilə görüb.
Cümə günü məhkəmədən maşınla aparılan Xədicə İsmayıl jurnalistlərə deyib: "Hökm qanunsuzdur".
Vəkil Elton Quliyev ittihamı "absurd" adlandırıb.
Xədicə İsmayıl haqqında iki aylıq həbs qətimkan tədbiri seçilməsi beynəlxalq tənqidlərlə qarşılanıb.
“Özündən asılı vəziyyətə salıb”
Baş Prokurorluğun şənbə günü yaydığı rəsmi məlumatda Azadlıq Radiosu və Meydan TV əməkdaşı olan Tural Mustafayevin oktyabrın 20-də Milli Parkda “özünü öldürməyə cəhd etməsinə görə” cinayət işinin açıldığı bildirilir.
“Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qeyd edilən KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir”, rəsmi məlumatda deyilir.
Məlumata görə, araşdırmaçı jurnalistlə Mustafayev arasında tanışlıqdan sonra “yaxın münasibətlər yaranıb" və sonuncu "mütəmadi olaraq onun mənzilində yaşamışdır".
“İsmayılova öz şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb”, istintaqla bu məlumatın əldə olunduğu qeyd olunur.
Jurnalistin “şəxsi nüfuzundan istifadə edərək” Mustafayevi Meydan TV şirkərinə “işə düzəltdiyi”, lakin “başqa qadınla ailə həyatı qurmaq istədikdə” həmin şirkətdən ismayılın “təhriki ilə işdən çıxarıldığını” bildirilir.
“Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 1 may 2014-cü il tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd etmiş, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb”, rəsmi açıqlamada qeyd olunur.
Xədicə İsmayılın Mustafayevlə “əlaqələri pisləşdiyindən” sonuncunu sosial şəbəkələrdə, yaxın tanışları arasında ləyaqətini “mütəmadi olaraq alçaltmağı, jurnalist fəaliyyətini “məhdudlaşdırmağı” , “yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsi” kimi “qanunazidd hərəkətləri davam etdirməsində əsaslı şübhələr” olduğundan təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunduğu bildirilir.





