ABŞ Xədicə İsmayılın həbsindən "dərindən narahatdır"

Şəklin mənbəyi, Ulvi Hasanli

Araşdırmaçı jurnalist Xədicə İsmayıl haqqında iki aylıq həbs qətimkan tədbiri seçilməsi beynəlxalq tənqidlərlə qarşılanıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Xədicə İsmayılovanın həbsinin daha geniş təqiblər kampaniyasının tərkibi kimi göründüyünü deyib.

“Biz Azərbaycanda vətəndaş cəmiyyəti, o cümlədən jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərdən dərin narahatlıq keçiririk", Marie Harf deyib.

Onun sözlərinə görə ABŞ Azərbaycan hökumətinin öz beynəlxalq öhdəliklərinə riayət etmədiyindən "getdikcə daha çox narahatlıq keçirir".

"Tanınmış jurnalist" Xədicə İsmayılova barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi müstəqil medianın susdurulmasına yönələn növbəti "kobud cəhddir", Amnesty İnternational təşkilatı bildirib.

“Xədicə İsmayılova ölkədə ən son müstəqil səslərdən biridir”, - təşkilatın Avropa və Mərkəzi Asiya proqramının rəhbəri dekabrın 5-də yayımlanan bəyanatında bildirib.

John Dalhuisen deyib ki, Azərbaycan hakimiyyəti yalnız vəzifələrinin yerinə yetirilməsinə görə "jurnalistlərin təqiblərinə son qoymalıdır”.

Human Rights Watch təşkilatı yazır ki, Azərbaycanın beynəlxalq partnyorları aylarla insan haqları təqiblərilə bağlı narahatlıqlarını bildiriblər.

"Hökm qanunsuzdur", Xədicə İsmayıl cümə günü məhkəmədən aparılarkən deyib.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, "Hökm qanunsuzdur", Xədicə İsmayıl cümə günü məhkəmədən aparılarkən deyib.

Lakin İsmayılovanın həbsi son damla olmalıdır və beynəlxalq patnyorlar Azərbaycana deməlidirlər ki, "tənqidçilərin barmaqlıqlar arxasında" qaldığı bir halda həmişəki kimi əməkdaşlıq davam edə bilməz, təşkilatın nümayəndəsi Georgi Qoqia deyib.

"İsmayılovanın həbsi təşkil olunmuş qorxutmadır və bu, onun azad və tənqidçi səsini susdurmaq üçün davam edən kampaniyanın bir hissəsidir", ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatovic-in bəyanatında deyilir.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur öz növbəsində xanım İsmayılın həbsi ilə bağlı "dərin narahatlıq" keçirdiyini bildirib. "Avropa Şurasının üzvü olan Azərbaycan AİHM standartlarına riayət etməlidir", AŞPA prezidentinin bəyanatında deyilir.

Index on Censorship təşkilatı isə onun dərhal azadlığa buraxılmasına çağırıb. Xədicə İsmayılın həbsi "Prezident İlham Əliyevin kök salmış avtoritar instinktlərini vurğulayır", təşkilatın bəyanatında deyilir.

İttiham

Nüfuzlu mükafatlar alan tədqiqatçı jurnalist "öldürmə həddinə çatdırmaqda" ittiham olunur. Əgər Xədicə İsmayıl təqsirli bilinsə, yeddi illik həbs cəzası ala bilər.

“Azadlıq Radiosu” və “Meydan-TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr 2014-cü il tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır", - şənbə günü Azərbaycan prokurorluğu bildirib.

Məhkəmədən maşınla aparılan Xədicə İsmayıl jurnalistlərə deyib: "Hökm qanunsuzdur".

Vəkil Elton Quliyev ittihamı "absurd" adlandırıb.

Dunja Mijatovic

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "İsmayılovanın həbsi təşkil olunmuş qorxutmadır" - Dunja Mijatovic

Jurnalist "Meydan TV"-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Prokurorluq Xədicə İsmayılovanın həmin iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi və bunun üçün həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə təqdimat verib.

"Siçan dərmanı"

Məhkəmə prokurorluğun təqdimatı əsasında Xədicə İsmayılova haqqında iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

APA yazır ki, 30 yaşlı Tural Mustafayev intihar etmək məqsədi ilə bu ilin oktyabr ayında siçan üçün nəzərdə tutulan zərərli maddə içib. "O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".

Elman Türkoğlu adlı şəxsin Xədicə İsmayıl haqqında şikayəti əsasında da məhkəmə prosesi davam edir.

Xədicə İsmayıl bu ilin fevral ayında Facebook-da məxfi xidmət orqanlarına aid olduğu iddia olunan sənəd yayıb.

Elman Türkoğlu həmin materialda öz adının hallandığını iddia edir. Onun şikayəti əsasında böhtan maddəsilə cinayət işi açılıb.

Jurnalistin yaydığı sənəddə iddia olunur ki, Azərbaycanın məxfi xidmət orqanları bir müxalifət fəalını gizli çəkilmiş seks videosu ilə şantaj edərək digərlərinin əleyhinə ifadə verməyə məcbur edib.

Türkoğlunun şikayəti əsasında Binəqədi rayon məhkəməsində proses keçirilir.