Rusiya “Cənub axını” layihəsindən imtina edir

Şəklin mənbəyi, RIA Novosti
Rusiya prezidenti Aİ-ni qaz ixracı əleyhinə çıxmaqda təqsirləndirərək “Cənub axını” layihəsindən imtina etdiyini deyib.
"Hesab edirik, indiyədək Bolqarıstanın razılığını almadığımız üçün, Rusiya belə bir şəraitdə layihənin gerşəkləşdirilməsini davam edə bilməz”, - Ankarada prezident Recep Tayyip Erdoğanla danışıqlardan sonra Vladimir Putin bəyan edib.
"Layihə artıq bağlıdır”, “Qazprom” şirkətinin rəhbəri, Aleksey Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.

Şəklin mənbəyi, RIA Novosti
Bu arada Moskva Qara dəniz üzərindən Türkiyəyə yeni qaz kəməri çəkmək niyyətində olduğunu bildirib.
Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətləri arasında imzalanan memorandum ildə 63 mlrd kubmetr qazın ixracını nəzərdə tutur.
“Cənub axını” kəmərinin inşası üzrə 2013-cü ildə başlayan işlər iyun ayında layihənin rəqabət qaydalarına zidd olması ilə bağlı Avropa Komissiyasının müdaxiləsindən sonra dayandırılmışdır.
O vaxtlar Rusiya rəsmiləri bəyan edirdilər ki, Bolqarıstanda “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılması faktiki olaraq Moskvaya qarşı iqtisadi sanksiyaların yeridilməsi deməkdir.
Avropa qaz təchizatının 30 faizi Rusiyanın payına düşür.




