Talibanın psixiatrı

Şəklin mənbəyi, Getty
- Müəllif, Tahir Qədri
- Vəzifə, BBC, Məzari-Şərif
1990-cı illərdə Taliban Əfqanıstana nəzarət edirdi, lakin onu hakimiyyətə gətrimiş döyüşlərdən sonra yaraqlıların bir çoxu uzun müddət müharibənin psixoloji fəsadlarından iztirab çəkmişdi.
Bu problemdən xəbərdar olan bir həkim Talibanın ideologiyası ilə razılaşmasa da, döyüşçülərini müalicə etməyi boynuna götürmüşdü.
“Talibançıların ilk qrupunun yanıma gəlməsini xatırlayıram, - deyir əfqan psixiatrı Nader Aləmi, - Onlar məhz qrup halında gələrdilər, tək-tək gəlməzdilər. Elə ki, birini müalicə etdim, bu xəbər dərhal yayılardı”.
“Döyüşçülər yanıma gələndə, əllərində üstündə adım yazılmış kağız olardı. Deyərdilər ki, dostlarını müalicə etmişəm, istəyirlər ki, onları da müalicə edim. Onlardan əksəriyyəti əvvəllər həkimdə olmamışdı” – deyə xatırlayır doktor Aləmi.
Əfqanıstanda tanınmış fiqur olan Aləmi ölkənin şimalındakı Məzari-Şərif şəhərində yaşayır. Taliban qüvvələri şəhəri 1998-ci ilin avqustunda zəbt etmişdilər və onun ətrafındakı əksər əraziyə nəzarət edirdilər.
Lakin onların döyüş meydanlarında uğur qazandıqları bir vaxtda, Aləmi onların illərlə iztirab çəkdikləri ruhi xəstəlikləri görürdü.
O bütün şimali Əfqanıstanda əksər talibançıların dili olan pəştu dilində danışa bilən yeganə psixiatr idi.

“Dil çox mühüm idi. Mən onlarla öz dillərində danışdığım üçün mənimlə açıq idilər” – deyir psixiatr.
Günlərin bir günü Talibanın əyalət valisi Əxtar Osmani Aləmini yanına çağırtdırır. Qrupun ruhani lideri sayılan Molla Əxtar komandanlıqdakı ikinci şəxs idi.
“Onun qulağına səslər gəlirdi , sayıqlamaları olurdu. Cangüdənləri deyirdilər ki, gecələr bərk sayıqladığını eşidirdilər, - deyir Aləmi.
Molla Əxtarın adamları bunu da deyirdilər ki, rəisləri tez-tez onları tanıya bilmir.
“Bu adam, Allah bilir, nə qədər uzun müddətdə ön cəbhədə olmuş, gözlərinin qarşısında neçələri öldürülmüşdü. O partlayışlar və çığırtılar ola bilsin, hələ də, hətta rahat kabinetində oturduğu bir vaxtda da qulaqlarında əks-səda verirdi” – deyir həkim.
Aləmi uzunmüddətli müalicə üçün Molla Əxtarı tez-tez görməli idi, lakin onun pasienti hər üç aydan bir hərbi səfərlərə çıxır və çox az hallarda müayinələrə gələ bilirdi. Çox sonralar, 2006-cı ildə Molla Əxtar hava zərbələrindən biri zamanı həlak oldu.
Aləmi Talibanın başqa vəzifəli rəsmilərini də müalicə edirdi.

Şəklin mənbəyi, Getty
“Biz bir növ dost olmuşduq, - deyir doktor, - Onlardan biri xahiş etmişdi ki, ona qərargahında baxım. O depressiyadan və xroniki ağrılardan iztirab çəkirdi. Mən simptomların zəiflədilməsi üçün ona dərmanlar verirdim”.
“Yanıma gələnlərin dəqiq sayını bilmirəm, - deyir həkim, - Yəqin ki, minlərlə idilər. Mən Məzar 2001-ci ildə geri alınanadək onları üç il müddətində müalicə etmişdim”.
Bu pasientlərdən çoxu əvvəllər heç vaxt həkimdə olmamışdılar və Aləmi müalicəyə başlamazdan əvvəl onların komandirlərindən icazələri olub-olmadığını soruşardı. Amma qadağan-filan yox idi.
“Düzü onların başı vuruşmağa o qədər qarışırdı ki, müalicəyə heç vaxtları da qalmırdı – deyir Aləmi, - Amma maraqlıdır ki, mənim müalicəmə inanırdılar”.
“Onların öz xəstəliklərinə səbəb kimi göstərdikləri həyatları üçün gələcəyin qeyri-müəyyənliyi idi. Onlar başlarına gələn hadisələri idarə etmək ixtiyarında deyildilər. Hər şey onların komandirlərindən asılı idi. Onların çoxu sarsıntı keçirirdi, çünki bir dəqiqədən sonra nə baş verəcəyini bilmirdi” – deyir Aləmi.
“Onların əksəriyyəti ailələrini aylarla görmürdü, uşaqları onlarsız böyüyürdülər” – söyləyir doktor.
Aləmi görürdü ki, əsgərlərdən çoxu ölməyi arzulayır.
“Deyirdilər ki, intihar etmək istəyirlər, amma İslam qaydalarına görə bu günahdır”.
Biri deyirdi: “Hər dəfə cəbhəyə gedəndə, arzu edirdim ki, məni vursunlar və həyatıma son qoysunlar. Amma sağ qalırdım və belə yaşamağa nifrət edirdim”.
“Mən talibançıları insan kimi, başqa pasientləri müalicə edə biləcəyim kimi müalicə edirdim. – deyir Aləmi, - Hərçənd onların cəmiyyətimiz üçün yaratdıqları problemlərdən xəbərdar idim. Onlar bəzən hönkürər və mən onları sakitləşdirərdim”.

Şəklin mənbəyi, Getty
Əfqanıstanda psixiatrik səhiyyə
- 2001-cu ildə Səhiyyə Nazirliyi elan edib ki, əhalinin üçdə ikisi ruhi xəstəliklərdən əzab çəkir.
- Problemlərə səbəb - davamlı zorakılıqlar, yoxsulluq, işsizlik, məişət zorakılığı və narkomaniyadır.
- ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (US Centers for Disease Control and Prevention) 2002-ci ildə apardığı rəy sorğusu əhali arasında depressiya, narahatlıq və post-travmatik sindromun (PTSD) yüksək olduğunu aşkar edib. Qadınlar və əlillər bu sindromlardan daha çox əziyyət çəkirlər.
- 2006-cı ildə DST-nin hesabatında deyilirdi ki, Əfqanıstanda tibbi təlimin yalnız 1 faizi ruhi xəstəliklərin müalicəsinə ayrılır.
- Az sayda ixtisaslaşmış ruhi xəstəxanalar böyük dövlət xəstəxanalarının Ruhi Məsləhət Bölümlərinə keçirilib.
Problemlərdən biri də bu idi ki, Aləminin pasientlərini tez-tez döyüş səfərlərinə göndərirdilər və müalicə yarımçıq kəsilirdi.
Həkim məsləhətinin qiyməti 1 dollar idi və talibançılar bəzən öz arvadlarını və qızlarını da Aləminin yanınan göndərirdilər.
“Onlar depressiyadan əzab çəkirdilər, çünki ərlərinin, atalarının üzünü uzun müddət görmürdülər və gələcəklərinin onlara nə verəcəyini bilmirdilər” – deyə yada salır həkim.
Hətta ən əzazil dini polis Əmr Bil Məruf da ona işini görməkdə mane olmurdu. Aləmi xatırlayır ki, bir gün səsucaldanlardan gələn əmrləri eşidib. Adamları əllərindəki işi buraxıb namaza toplaşmağa çağırırdılar. Lakin Aləmi xəstələrin müalicəsini davam etdirirdi.

Şəklin mənbəyi, BBC World Service
“Həmin vaxt işçilərimdən biri binanın pəncərəsindən qışqırdı: “Həkim xəstələri ilə məşğuldur” – deyir Aləmi, - Əmr Bil Məruf da cavabında qışqırdı ki, “eybi yox, qoy həkim işini görsün”.
Ən maraqlısı bu idi ki, Aləminin Talibanı müalicə etdiyi bir vaxtda, onun arvadı 100 qızın təhsil aldığı gizli məktəb saxlayırdı. Talibanın zamanında qızların təhsil alması qadağan edilmişdi.
Pərvin Aləmi onlara ədəbiyyat, dil, riyaziyyat və İslam kitablarından dərs deyirdi.
“İstədiyim yeganə şey qızlara təhsil vermək idi, - deyir Pərvin, - İndi onlardan bəziləri həkim, mühəndis, müəllimdirlər”.
Şagirdlərin arasında Aləminin öz qızları da var idi. İndi onlardan biri həkim, ikisi müəllimdir.
Lakin onlar dərin bir riskə girmirdilərmi?
“Mən onlardan diqqəti cəlb etməmək üçün dəstə ilə yox, ayrı-ayrı gəlmələrini xahiş etmişdim, - deyir Pərvin Aləmi, - Biz məktəbi məxfi saxlayırdıq. Şagirdlərimizə tapşırmışdıq ki, məktəb barədə heç kimə heç nə deməsinlər. Bu çox qorxulu bir qərar idi, lakin mən fəxr edirəm ki, biz bu riskə getdik”.

Ər-arvad qorxurdular ki, Talibanın əlinə keçə bilərlər, lakin Taliban Aləmiyə inanmış kimi görünürdü.
“Mənim heç bir siyasi ambisiya və marağım olmadığından, əminəm ki, onlar hətta bizim gizli məktəbimizi aşkar etsələr belə, bundan narahat olmazdılar, çünki bilirdilər ki, biz başqalarına kömək etmək istəyirik” – deyir Aləmi.
Bu hadisələrdən 15 il keçsə də, Aləmi hələ də münaqişə nəticəsində psixoloji travma almış əfqanları müalicə edir. Onun xəstəxanasındakı qadın və kişilərin ayrıca sıralandığı növbələr dəhlizlər boyu uzanır. Onlar depressiyadan, əhval dəyişikliyindən və vahimədən şikayətlənirlər.
Aləmi deyir ki, onların həyatlarındakı ən böyük problem hələ də qeyri-müəyyənlik olaraq qalır.
“Onlar iztirab və məhrumiyyət çəkirlər və gələcəyin nə gətirəcəyini bilmirlər” – deyir həkim.




