Joe Biden Erdoğanı İD cihadçılarına qarşı daha fəal olmağa çağıracaq

Biden, Erdoğan

Şəklin mənbəyi, l

Şəklin alt yazısı, BBC-nin İstanbuldakı müxbiri Mark Lowen deyir ki, ABŞ-Türkiyə əlaqələri o qədər möhkəm deyil

ABŞ vitse prezidenti Joe Biden Prezident Recep Tayyip Erdoğanla görüşmək üçün Türkiyəyə gəlib. O, İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizədə Türkiyənin daha fəal rol oynamasına təkid etmək istəyir.

Türkiyə deyib ki, bunun üçün Suriya prezidenti Bəşər əl-Əsədin vəzifədən çıxarılması barədə planlar da olmalıdır.

Türkiyə Suriyanı uçuşsuz zona elan etmək istəyir amma ABŞ bunu dəstəkləməyib.

Bundan başqa cənab Biden və cənab Erdoğan xarici cihadçıların Türkiyə sərhədi vasitəsilə Suriyaya keçməsi barədə mübahisə ediblər.

Cümə günü cənab Biden Baş nazir Ahmet Davutoğlu ilə danışıqlar keçirib. Cənab Davutoğlu iki ölkə arasında "dərin kök salmış" əlaqələri tərifləyib.

"Uzun müddətdir ki, dostuq və ... yenidən Türkiyədə olmağın ən böyük üstünlüklərindən biri odur ki, biz həmişə bir-birimizlə açıq danışırıq", Joe Biden deyib.

Cənab Biden və cənab Erdoğan arasında danışıqlar ABŞ-ın İD-ə qarşı koalisiyasında Türkiyənin rolu barədə olacaq.

Eyni zamanda İslam Dövləti qruplaşmasına qoşulmağa Türkiyə sərhədi vasitəsilə gedən cihadçıların qabağını almaq üçün səylərin gücləndirilməsinə, Türkiyədə olan 1,6 milyon qaçqına yardım göstərmə məsələlərinə baxılacaq.

BBC-nin İstanbuldakı müxbiri Mark Lowen deyir ki, cənab Biden üçün qırmızı xalça salınsa da, ölkələr arasında əlaqələr o qədər möhkəm deyil.