Yerevanda bu gün “müxalif üçlüyün” növbəti mitinqi olacaq

yerevan_meeting

Şəklin mənbəyi, BBC World Service

Cümə günü axşamına təyin olunmuş mitinqdən bir neçə saat əvvəl qeyri-iqtidar “üçlüyün” Serj Sarkisyan hakimiyyətinə başlıca tələbi məlum deyil.

Ermənistan parlamentində təmsil olunan Firavan Ermənistan, İrs və Erməni Milli Konqresi partiyalarının “müxalif üçlük” adını almış birliyin liderləri mitinq ərəfəsində görüşüb məsləhətləşiblər, lakin müzakirələrin təfərrüatları açıqlanmır.

Əsas intriqa

Milli Məclisdə sayca, prezident Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasından sonra, ikinci və rəsmi məlumatlara görə, 400 minə yaxın üzvü olan Firavan Ermənistan Partiyasının lideri, nüfuzlu oliqarx Qaqik Tsarukyan jurnalistlərə: “Sabah mitinqə gəlib nə deyəcəyimizi eşidərsiniz”, - deyib.

Qaqik Tsarukyan “üçlüyün” oktyabrın 10-u mitinqində “gələn dəfə” çıxış edəcəyini “söz verib”.

Eyni zamanda Ermənistanın sabiq xarici işlər naziri, ötən prezident seçkilərində Serj Sarkisyanın əsas rəqibi Raffi Hovhannisyanın rəhbərlik etdiyi İrs Partiyası və sabiq ölkə prezidenti Levon Ter-Petrosyanın təsis etdiyi Erməni Milli Konqresi mübarizələrinin məqsədinin ölkəni “Sarkisyan rejimindən qurtarmaq” olduğunu gizlətmirlər.

Bundan bir neçə gün əvvəl Erməni Milli Konqresin nümayəndəsi Levon Zurabyan bəyan etmişdi ki, “üçlük” hakim Respublikaçılar Partiyası ilə yalnız bir məsələ müzakirə edə bilər – “hakimiyyətin dinc yolla təhvil verilməsi məsələsini”.

gagik_tsarukyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hamı Ermənistanın ən varlı sahibkarlarından biri və ən iri siyasi qüvvələrdən brinin lideri Qaqik Tsarukyanın çıxışını gözləyir

Bugünkü mitinqdə də Levon Ter-Petrosyanın həmişəki kimi proqram nitqilə çıxış edəcəyi ehtimal olunur.

Lakin mitinqin başlıca intriqası “üçlüyün” əvvəlki mitinqində çıxış etməkdən imtina edən Firavan Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın çıxış etməsi ola bilər, Yerevan müxbirimiz xəbər verir.

Tsarukyan bu günədək heç vaxt rəhbərlik etdiyi partiyasının müxalifətçi olduğunu deməyib, hakim koalisiyadan çıxdıqdan sonra belə müxalif qüvvə kimi nəzərdən keçirilməyib və Firavan Ermənistan Partiyasının Ermənistanda hakimiyyət dəyişikliyi prosesinə qatılacağı bu gün hələ çoxlarına şübhələnməyə əsas verir.