Ermənistan Avrasiya İttifaqına üzv oldu

eurasia

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ermənistanın Aİ-yə qəbul olunması haqqında sənədi təsisçi ölkələr - Rusiya, Belarus və Qazaxıstanın - prezidentləri imzalamalıdır

Ermənistan rəsmi olaraq Rusiyanın başçılıq etdiyi iqtisadi Avrasiya İttifaqına üzv olub. Bu ittifaqda Qazaxıstan və Belarus artıq təmsil olunur.

Belarus paytaxtı Minskdə keçirilən tədbirdə Prezident Serj Sarkisyan bu barədə müqaviləni imzalayıb.

Müqavilə gələn ilin əvvəlində qüvvəyə minəcək.

sergey_minasyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Sergey Minasyan Ermənistanın Aİ seçimində Qarabağ probleminin mövcudluğu da rol oynadığını hesab edir

Bəzi Ermənistan təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın Aİ-yə daxil olmasını həm iqtisadi həm də, xüsusilə, təhlükəsizliyi baxımından əlverişli olduğunu qeyd ediblər.

Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan Ermənistanın Aİ üzvü olmasının ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət kəsb edəcəyini qeyd edir.

“Bəziləri Ermənistan hakimiyyətinin bu addımını Dağlıq Qarabağın gələcək iqtisadi və siyasi durumu ilə bağlı tənqid edirlər, lakin Ermənistan rəhbərliyinin bu qərarı məhz Qarabağ problemi ilə şərtləşdirilmişdir”, - o deyib.

“Təhlükəli alyans”

Sabiq milli təhlükəsizlik naziri, “Concord” analitik mərkəzinin rəhbəri David Şahnazaryan Ermənistanın Rusiya himayəsi altında yaranan alyansa daxil olmasını demokratik təsisatların təsbitinə təhlükə adlandırır: seçkilər əvvəlki kimi formal xarakter daşıyacaq, korrupsiya sistemi ləğv edilməyəcək.

alexandr_arzumanyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Sabiq xarici işlər naziri Aleksandr Arzumanyan Ermənistanın "beynəlxalq sanksiyalar altında" olan Rusiya ilə bir quruma qatılmasını "təhlükəli" addım hesab edir

Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan Ermənistanın Avropa İttifaqına üzv olmaq qərarını elan etdikdən sonra keçən il ərzində dünyada siyasi durumun tamamilə dəyişdiyini qeyd edir: Rusiya tam təcrid olunmuş bir ölkəyə çevrilib və Avropa İttifaqı ilə NATO-nu öz düşmənləri elan edib.

“Belə bir vəziyyətdə Ermənistana Avrasiya İttifaqına qatılmağa dəyərmi? Faktiki Ermənistan beynəlxalq sanksiyalar altında olan ölkə ilə bir alyansa birləşir”, - o deyir.

Onun sözlərinə görə, sanksiyalar Ermənistan iqtisadiyyatına da mənfi təsir edəcək.

Etiraz aksiyası

eurasian_union_protest_yerevan

Şəklin mənbəyi, BBC World Service

Minsk sammiti ərəfəsində bir qrup fəal Ermənistanın Avrasiya İttifaqına üzv olması müqaviləsinin imzalanmasına qarşı etiraz aksiyasını keçirib.

Təxminən 15 nəfər Aİ əleyhinə, “23 illik müstəqilliyimiz nə tez qurtardı” şüarlarla və “Azad, müstəqil Ermənistan” çağırışları ilə Yerevanın Azadlıq meydanından prezident iqamətgahı istiqamətində yürüş keçirdilər.

“Biz Ermənistan prezidentindən Ermənistanın suverenliyinə və ölkə Konstitusiyasına zıdd olan müqaviləni imzalamamağı tələb edirik. İstər prezident, istər parlament sədri yaxud baş nazirin – kim olursa olsun – ölkənin suverenliyini xətərləyən heç bir müqavilə imzalamağa haqqı yoxdur” - aksiya iştirakçısı Daniel İonisyan deyib.

daniel_ionisyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Gecə etiraz aksiyasının iştirakçısı Daniel İonisyan Avrasiya İttifaqı üzvlüyünün ölkə konstitusiyasına zidd olduğunu deyir

Etirazçılar prezident iqamətgahı önündə öz tələblərini və Avrasiya İttifaqı sammitinə yola düşəcək Ermənistan prezidentinin ünvanına “Minskdən qayıtma!” səsləyirdilər.