Yerevanda Gömrük İttifaqına üzvlük əleyhinə etiraz aksiyaları

Şəklin mənbəyi, BBC World Service
Yerevanda Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinə üzv olmaq səylərinə qarşı etiraz aksiyaları keçirilib.
Günün birinci yarısında bir qrup ictimai fəal Ermənistan paytaxtının Azadlıq meydanından “Putin, əl çək Ermənistandan!” yazılmış plakatlarla və Ermənistanın Avrasiya İttifaqına daxil olması əleyhinə şüarlarla, “Azad müstəqil Ermənistan!” səsləyərək prezident iqamətgahına doğru yürüş keçiriblər.

Şəklin mənbəyi, BBC World Service
Etiraz tədbiri ötən il sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına və Rusiya, Qazaxıstan və Belarusun təşəbbüsü ilə yaradılacaq Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına daxil olmaq niyyətində olduğunu bəyan etməsinin ildönümünə həsr olunub.
“Gömrük İttifaqı Rusiya imperiyasının bərpa edilməsinin ssenarisi olub. Ukraynasız isə bu təşəbbüs ciddi qəbul oluna bilməz, Gömrük İttifaqı Ukraynasız iflasa düçardır. Bəzi Rusiya təlxəklərinin bəyanatları isə hətta Qazaxıstan və Belarus prezidentlərini hirsləndirib”, - etiraz aksiyasının iştirakçısı, Gümri Jurnalistlər Klubunun rəhbəri Levon Barseğyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan prezidentinin düz bir il bundan əvvəl "bütün erməni xalqı adından qərar qəbul etməyə haqqı olmayıb".
“Gömrük İttifaqına daxil olmaq ölkəmizin müstəqilliyini təhlükə altına qoyur. Odur ki, biz Serj Sarkisyanın istefasını tələb edirik”, - Levon Barseğyan deyib.

Şəklin mənbəyi, BBC World Service
Daha bir etiraz aksiyasını da prezident sarayı qarşısında günün ikinci yarısında Milli Müqəddərat Birliyinin lideri, keçmiş sovet dissidenti Paruyr Hayrikyan təşkil edib.
Toplaşanlar qarşısında çıxışında Hayrikyan Serj Sarkisyana Gömrük İttifaqına daxil olmaq haqqında öz qərarını dəyişmək üçün bir neçə dəfə vaxt verdiyini bəyan edib.
Bu dəfə Hayrikyan Ermənistan prezidentinə daha 5 gün möhlət verib və “əgər Serj Sarkisyan sentyabrın 8-dək istefa verməsə”, Hayrikyan həmin gündən aclıq aksiyasına başlayacağını bildirib.




