Putin Krımda Ukrayna münaqişəsinə son qoymağa çağırıb

Putin

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Putin Ukraynada münaqişənin son qoyulmasına çalışacağını bəyan edib.

Yaltada Rusiya Duması və Federasiya Şurası üzvlərilə görüş zamanı prezident Putin Ukraynada “qanlı xaos və qətllərin” baş verdiyini bildirib.

Onun təbirincə, Ukraynanın cənub-şərqində münaqişəyə son qoymaq üçün Rusiya əlindən gələni etmək niyyətindədir.

"Ukraynada qanlı hadisələrə son qoymaq, bu münaqişəni tezliklə bitirmək üçün əlimizdən gələni edəcəyik”, Putin deyib.

Rusiya prezidenti Krımın inkişafına 2020-ci ilədək 700 milyard rubldan çox vəsait ayrılacağını vəd edib.

Rusiya prezidenti Rusiyanın Krımı ilhaq etmədiyini vurğulayıb.

“Bəli, biz silahlı qüvvələrimizdən istifadə etdik, lakin referendumun keçirilməsinə şərait yaratmaq üçün. Bizə qarşı səslənən ittihamlar əsassızdır, sadəcə gülüncdür”, Putin deyib.

Rusiyanın “Dojd” telekanalının məlumatına əsasən, çıxışı zamanı Putin Rusiya ordusunun yenidən silahlanmasına 20 trilyon rubl ayrılacağını vəd edib.

Onun sözlərinə görə, "hərbi-sənaye kompleksi üçün lazım olan avadanlığın Rusiya ərazisində istehsalı ölkə iqtisadiyyatının prioritetinə çevriləcək".