Krım tatar Məclisinin sədrinə Krıma giriş qadağan olunub

Chubarov

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Refat Çubarova Krıma giriş qadağan edilib.

Ukraynanın Xerson vilayətindən Krıma qayıdan Krım tatar Məclisinin sədri Refat Çubarova yarmadaya 5 il müdət ərzində girişin qadağan olunduğu deyilib.

Bu barədə BBC Ukrayna xidmətinə R.Çubarovun özü bildirib.

Şənbə günü R.Çubarov Məclisn səyyar iclasında iştirak edib.

“Sərhəddə Krım prokuroru ekstremist fəaliyyətin yolverilməzliyinə dair xəbərdarlıq arayışını oxuduqdan sonra mənə giriş qadağası barədə qərardad təqdim edildi. İndi məni Krıma buraxmırlar”, - Çubarov deyib.

Məlumatlara görə, Məclisin səyyar iclasında krım tatarlarının lideri Mustafa Cəmilev Krım rəsmilərinin Məclisi daxildən dağıtmaq və Refat Çubarovun yerinə bu qurumun sədrliyinə loyal fiquru gətirmək istədiklərini bildirib.

Aprelin 22-də Mustafa Cəmilevin özünə də 2019-cu ilədək Rusiya ərazisinə daxil olmasına qadağa qoyulması barədə məlumat çatdırılmışdı.

Mayın 3-də Mustafa Cəmilev Krıma daxil olmağa cəhd etdiyi zaman ona müvafiq məhkəmə qərarı oxunduqdan sonra yarmadaya daxil olmasına imkan verilməmişdi. Həmin gün Cəmilevi qarşılamağa gəlmiş 5 minədək krım tatarı Rusiya hərbiçilərinin qurduğu kordonu yarıb, liderlərinə Krıma qayıtmaq hüququnun təmin edilməsini tələb etmişdi.

Refat Çubarovun sözlərinə görə, Krım prokuroru ona xəbərdarlıq edib ki, krım tatarlarının Məclisi “Rusiya qanunlarını pozmaqda davam etsə, ləğv olunacaq”