Krım tatarları mitinqdə muxtariyyət tələb ediblər

Şəklin mənbəyi, AP
Ötən gün krım tatarlarının yarımadadan deportasiyasının 70-ci ildönümü ilə əlaqədar Simferopolda keçirilmiş anım mitinqinin iştirakçıları "Krım tatar xalqının hüquqlarının bərpası üçün" Krıma milli-ərazi muxtariyyətinin verilməsini tələb edən qətnamə qəbul ediblər.
Sənəddə “Krım respublikasına milli-ərazi muxtariyyəti statusu verilməsi yolu ilə Krım tatar xalqının tarixi ərazisi olan Krımda öz müqəddaratını təyin etmək hüququna malik olduğu” vurğulanır.
“İlk növbədə, Krım tatar xalqının hüquqlarını bərpa etmək məqsədilə Krım tatar xalqının deportasiyası nəticəsində dəyişdirilmiş tarixi adların bərpa edilməsini, Krım respublikasının qanunvericilik və icraedici hakimiyyət orqanlarında Krım tatarlarının əməli təmsilçiliyini təmin edən qanunların qəbul edilməsini tələb edirik”, qətnamədə deyilir.
Mitinq iştirakçıları Krım tatar xalqının Qurultayını və onun formalaşdırdığı milli özünüidarəetmə orqanlarının – Krım tatar xalqının Məclisini, regional və yerli məclislərin Krım tatar xalqını təmsil edən qurum qismində tanınmasını tələb ediblər.
Mitinq iştirakçıları bütün demokratik qüvvələrə, hökümət və parlamentlərə, beynəlxalq təşkilatlara müraciət edərək onları krım tatar xalqının hüquqlarının bərpa edilməsinin qarantı qismində çıxış etməyə çağırıblar.
Bazar günü, mayın 18-də, Krım tatarları yarımadadan deportasiya olunmalarının 70-ci ildönümünü qeyd ediblər. BBC müxbirinin məlumatına görə, anım mitinqləri keçirilən ərazilərin üzərində Rusiya hərbi vertolyotları dövr edib.
Krım rəsmiləri iri kütləvi aksiyaları qadağan edərək, kiçik miqyaslı anım mərasimlərinin keçirlməsinə icazə vermişdilər.
ABŞ və Avropadan dəstək
ABŞ Dövlət Katibi John Kerry deportasiyanın 70 illiyilə bağlı Krım tatar xalqı ilə həmrəy olduğunu bildirib.
Onun sözlərinə görə, “Krımın qanunsuz ilhaq edilməsi cəhdi və Rusiya işğalı Krım tatarlarının köhnə yaralarını təzələyib”.
“İnsan haqlarının Krımda bu gün pozulması siyahısı uzundur və hər həftə bu siyahı böyüyür”, Kerri qeyd edib.
Eyni zamanda genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Aİ komissarı Ştefan Füle bəyan edib ki, Avropa İttifaqı “Krımın ilhaqını tanımır və krım tatarlarını yaddan çıxarmır”.
Füle deyib ki, Avropa krım tatarlarının hüquqlarının qorunmasını məsələsini diqqət mərkəzində saxlayacaq.




