Rusiya NATO qüvvələrinin Şərqi Avropada güclənmək niyyətindən narahatdır

Şəklin mənbəyi, Getty
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, rəsmi Moskva NATO-nun Şərqi Avropada qüvvələrini gücləndirmək planını elan etməsilə bağlı alyansdan əlavə izahat gözlədiyini bildirib.
"Bizi quru cavab qane etmir...Biz aramızda mövcud olan qaydalara uyğun izahat gözləyirik", - Rusiya XİN rəhbəri deyib.
Bundan əvvəl Krımn Rusiya tərəfindən ilhaqı ilə bağlı NATO Şərqi Avropada qüvvələrini gücləndiriləcəyini bəyan etmişdi.
NATO eləcə də, Rusiya ilə mülki və hərbi sahələrdə əməkdaşlığı dayandırıb.
Baş katib Anders Fogh Rasmussen-in sözlərinə görə, Krımın Rusiya tərəfindən ilhaqı Avropa üçün son onilliklərin ən ciddi təhlükəsinə çevrilib.
NATO-nun Brüssel sammitində Rusiya qoşunlarının Ukraynanın şərq sərhədində cəmləşməsilə bağlı narahatlıq bildirilib.
Ukraynaya qarşı Rusiyanın hərəkətləri Estoniya, Latviya and Litvada narahtlıq doğurduğundan Baltik dövlətlər ərazisində NATO hərbi bazalarının yaradılması məsələsi də Brüssel samitində NATO tərəfindən nəzərdən keçirilib.
Lakin Rusiya Xarici İşlər naziri Sergey Lavrov alyansı vəziyyəti sünü şəkildə gərginləşdirməkdə və Rusiya qoşunlarının Ukraynın şərq sərhədi yaxınlığında hərəkət etməsinin əhəmiyyətini şişirməkdə ittiham edib.
Lavrovun sözlərinə görə qoşunların hərəkət etməsi Rusiyanın haqqına aid olan bir məsələdir, hərbi təlimlər başa çatandan sonra isə qoşunlar daimi yerlərinə qayıdacaq.




